Siyavuş Novruzov: “Bakı” Azərbaycanda azarkeşlik etdiyim klublardan biridir"

Siyavuş Novruzov: “Bakı” Azərbaycanda azarkeşlik etdiyim klublardan biridir"
"Bakı" futbol klubunun təlim-məşq bazasında bir qrup millət vəkili və veteran futbolçular arasında yoldaşlıq oyunu keçirilib. Siasport.az saytı xəbər verir ki, millət vəkillərindən formalaşan komandanın heyətində Fazil Qəzənfəroğlu, Siyavuş Novruzov, Azay Quliyev, Etibar Hüseynov, Zahid Oruc, Adil Əliyev, Xanlar Fətiyev, Asəf Haciyev, Qüdrət Həsənquliyev hazırlıqları ilə diqqət çəkiblər.
Veteran futbolçuların komandasında isə Musa Qurbanov, Asim Xudiyev, Oqtay Abdullayev, Nazim Əliyev, Şahin Diniyev kimi usta futbolçular yer alıb.
İştirakçıların bildirdiklərinə görə, yoldaşlıq qarşılaşmasının nəticəsi bir o qədər də önəmli deyil. Bununla belə meydanda əsl mübarizə müşahidə etmək mümkün olub. Yalnız onu əlavə edək ki, sonda dostluq qalib gəlib.
Oyundan sonra millət vəkillərindən ibarət komandanın kapitanı, YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov fikirlərini belə ifadə edib: "Bakı" Azərbaycanda azarkeşlik etdiyim klublardan biridir. Mütamadi olaraq bu klubun oyunlarında iştirak edirəm. Qeyd edim ki, klub istər Avropa, istərsə də ölkədaxili yarışlarda layiqincə çıxış edir. Bu gün "Bakı" futbol klubunun təlim-məşq bazası ilə tanış oldum. Cəmi 18 ay ərzində Azərbaycanda belə bir möhtəşəm idman kompleksi yaradılıb. Bu inkişaf yolunda atılan çox inamlı addımdır.
Başda klub prezidenti olmaqla bütün kollektivə, məşqçi heyətinə təşəkkürümüzü bildiririk ki, el-el, oba-oba gəzərək ümidverən yeniyetmələri, gəncləri buraya toplayıb, onların idmanla məşğul olması üçün şərait yaradıblar.
Bütün futbolçulara seçdikləri çətin peşədə böyük uğurlar arzu edirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə