Qadın gimnastlarımız Türkiyədə və Fransada keçirilmiş yarışlarda 4 medal qazanıblar

Qadın gimnastlarımız Türkiyədə və Fransada keçirilmiş yarışlarda 4 medal qazanıblar

Azərbaycanın gənc gimnastları bir həftə bundan əvvəl Polşa turnirində olduğu kimi, ötən bazar günü Türkiyənin Antalya şəhərində keçirilmiş yarışlarda da yüksək nəticələr göstəriblər. Siasport.az saytı xəbər verir ki, iki gimnastımızın səyi ilə 3 medal əldə edilib.

Ləman Hacızadə 1999-cu ildə anadan olmuş idmançıların turnirində uğurla çıxış edərək, çoxnövçülükdə qızıl medala layiq görülüb. Ölkəmizə daha bir qızıl medalı 13 yaşlı Gülsüm Şəfizadə qazandırıb. O, lentlə hərəkətlərdə birinci yeri tutub, mütləq hesabda isə yarışların gümüş mükafatçısı olub. Azərbaycan yığmasının baş məşqçisi Mariana Vasilyeva yetirmələrinin nəticələrindən qazı qalaraq bildirib ki, qadın gimnastlarımız üçün növbəti sınaq aprelin 21-23-də Minskdə keçiriləcək beynəlxalq turnir olacaq.

Azərbaycan milli komandasının lideri Aliyə Qarayeva Fransanın Tye şəhərində keçirilmiş qran-pri mərhələsi yarışlarını bürünc medalla başa vurub. O, bazar günü 4 final yarışından 3-də çıxış edib. Aliyə Qarayevanın topla hərəkətləri daha uğurlu olub. Azərbaycan gimnastı yalnız Rusiyanın iki idmançısını irəli buraxaraq 27,6 bal nəticə ilə üçüncü yeri tutub.

Aliyə Qarayeva gürz ilə hərəkətlərdə beşinci, halqa ilə hərəkətlərdə isə səkkizinci olub. Azərbaycan gimnastı çoxnövçülükdə dördüncü nəticə göstərib. Digər qadın gimnastımız Samirə Mustafayeva 13-cü, Anna Qurbanova isə 20-ci yeri tutub.

Bütün xəbərlər Facebook səhifəmizdə