Kiyev şəhərində ilk dəfə keçirilən miks-fayt üzrə klub çempionatına Ukrayna, Rusiya, Belarus və Moldova idmançıları ilə yanaşı Azərbaycan döyüşçüləri də qatılıb. SİA-nın xəbərinə görə, "M-1 Ukrayna" beynəlxalq klub Qran-prisi adlanan turnirdə klublar arasında görüşlər 5 ənənəvi çəki dərəcəsində olimpiya sistemi üzrə keçirilib.
Turnirdə iştirak edən döyüşçülərimizi Azərbaycanda M-1 liqasının prezidenti Kənan Məmmədov müşayiət edib. Gərgin döyüşlərdə Azərbaycanı təmsil edən "Azeri Fighter" klubu birincilik əldə etməsə də klubun üzvü Bəxtiyar Arzumanovun döyüşü böyük marağa səbəb olub.
Turnirdə Azərbaycanın Ukraynadakı səfirliyinin əməkdaşları, Ukraynadakı Azərbaycan diasporunun fəalları da iştirak ediblər. Ukraynada fəaliyyət göstərən Azərbaycan diasporu təşkilatları adından çıxış edən "Demokratiyanın nəbzi" Beynəlxalq ictimai təşkilatının rəhbəri Hikmət Cavadov xalqlar və dövlətlər arasında qarşılıqlı dostluq əlaqələrinin inkişafında idmanın böyük rol oynadığını söyləyib və turnirin təşkilatçılarına minnətdarlığını bildirib.
Turnirin sonunda "Demokratiyanın nəbzi" Beynəlxalq ictimai təşkilatının Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri Vüsal Allahverdiyev yüksək döyüş peşəkarlığı nümayiş etdirdiyinə görə həmyerlimiz Bəxtiyar Arzumanova Sporttech mağazalar şəbəkəsindən il ərzində pulsuz idman mallarının alınması üçün sertifikat təqdim edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB