GVF prezidenti Azərbaycan Voleybol Federasiyasında olub

Gürcüstan Voleybol Federasiyasının (GVF) prezidenti İrakli Çaçua ölkəsinin qadınlardan və kişilərdən ibarət voleybol yığmalarının Azərbaycan çempionatlarında oyunları ilə əlaqədar ölkəmizə gəlib.

SİA-nın məlumatına görə, qonşu ölkə təmsilçiləri fevralın 18-21-də qadınlar arasında Super Liqanın və kişilərin Yüksək Liqasının birinci dövrəsində görüşlər keçirəcəklər.

GVF rəhbəri komandalarının çempionatımızda mübarizəsi və Azərbaycan Voleybol Federasiyası (AVF) ilə əməkdaşlığın faydaları barədə danışarkən bildirib: “Gürcüstan və Azərbaycan Voleybol federasiyaları bir neçə ildir səmərəli əməkdaşlıq edir. Əvvəlki illərdə yalnız qadınlardan ibarət komandamız çempionatda iştirak edirdisə, bu mövsüm etibarən kişilər arasında Azərbaycan çempionatında da təmsil olunuruq. Bu gözəl şəraitə görə Azərbaycan Voleybol Federasiyasının rəhbərliyinə təşəkkür edirəm. İnanıram ki, dostluq münasibətlərimiz daha da genişlənəcək və hər iki ölkə böyük uğurlar qazanacaq”.

Cari mövsüm qadınlar arasında Azərbaycan Super Liqasının bir neçə oyununun Gürcüstanda keçiriləcəyini vurğulayan İ.Çaçua deyib: “Biz Azərbaycan komandalarını ölkəmizdə qarşılamağa daim hazırıq. Ölkə çempionatı başa çatdıqdan sonra da iki federasiya arasında əməkdaşlığımızı davam etdirəcəyik. Bu, milli komandalarımızın beynəlxalq yarışlara daha yaxşı hazırlaşması üçün çox əlverişlidir. Düşünürəm ki, çempionat yekunlaşdıqdan sonra birgə təlim-məşq toplanışımız da olacaq. Bu barədə mövsüm başa çatdıqdan sonra yekun qərara gələcəyik”.

Bütün xəbərlər Facebook səhifəmizdə