Formula 1 Azərbaycan Qran-Prisinin təşkilatçısı “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) təşəbbüsü ilə fevralın 12-də “İrimiqyaslı idman yarışlarının keçirilməsinin ölkəyə faydaları” mövzusunda beynəlxalq konfrans keçirilib.

SİA-nın məlumatına görə, BŞH-nin ənənəvi qaydada hər il təşkil etdiyi beynəlxalq konfransın builki mövzusu Formula 1 Azərbaycan Qran-Prisinin 5 illiyi münasibətilə “İdman və şəhər” mövzusuna həsr olunub. Bakı Konqres Mərkəzində keçirilən tədbirdə Gənclər və İdman naziri Azad Rəhimov, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Formula 1 şirkətlər qrupunun baş icraçı direktoru və sədri Çeyz Keri, AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov və digərləri iştirak ediblər.
Tədbirdə çıxış edən Gənclər və İdman naziri Azad Rəhimov bildirib ki, birinci Avropa və IV İslam Həmrəyliyi oyunlarının təşkilinə müvafiq olaraq 600 və 46 əcnəbi mütəxəssis cəlb edilmişdisə, ötən il keçirilən Avropa Gənclər Yay Olimpiya Festivalında yalnız yerli mütəxəssislərin əməyindən istifadə olunub. Son on ildə Azərbaycanda idmanın əksər növləri üzrə mötəbər yarışlar keçirilib. Təkcə 2019-cu ildə Bakıda ümumilikdə 250, o cümlədən 60 beynəlxalq yarış təşkil edilib. Bu il də beynəlxalq yarışların keçirilməsi nəzərdə tutulub.

A.Rəhimov Asiya Oyunlarının, II Avropa Oyunlarının Əməliyyat Komitəsində azərbaycanlı mütəxəssislərin də çalışdıqlarını diqqətə çatdırıb. Nazir, eyni zamanda, könüllülərin əməyini vurğulayaraq deyib: “Birinci Avropa Oyunlarına 17 min könüllü cəlb olunmuşdu. Məhz bundan sonra ölkəmizdə könüllülük hərəkatının inkişafında yeni mərhələ başlayıb”.
Konfransda idman yarışlarının şəhər quruculuğuna təsirini öyrənən tanınmış əcnəbi mütəxəssislərin çıxışları da yer alıb.
Formula 1 şirkətlər qrupunun baş icraçı direktoru və sədri Çeyz Kerri bildirib ki, ölkənin gəlir götürməsi, Azərbaycanın dünyada təbliği və idmanın bu növünün inkişafı baxımından Formula 1 Qran-Prisi böyük önəm daşıyır. Liderlik və menecment komandasına sahib olması Bakının üstünlüyüdür. Küçə yürüşlərinin təşkili elə də asan deyil. “Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti təşkilatçı komanda olaraq bu işin öhdəsindən layiqincə gəlir. Eyni zamanda, bizim birgə əməkdaşlığımız da bəhrəsini verir.
Bu il 22 Qran-Prinin təşkil ediləcəyini xatırladan Formula 1 rəsmisinin sözlərinə görə, məqsəd uzunmüddətli tərəfdaşlığa nail olmaqdır: “Təqvimdə dəyişiklik qaçılmazdır. Eyni zamanda, uğurlu şəkildə genişlənmə olmalıdır. Elə bir yer seçməliyik ki, azarkeşlər baxımından münasib olsun. Bakı bu baxımdan bizim üçün ideal məkandır”.

"Bakı sakinləri "Formula 1" üzrə Azərbaycan Qran-prisini çox maraqla qarşılayır və izləyirlər".
Bunu Bakı Şəhər İcra hakimiyyətinin başçısı Eldar Əzizov konfransda çıxışında deyib.

O qeyd edib ki, Azərbaycan son 16 il ərzində ciddi inkişaf yolu keçib: "Ciddi sabitlik və inkişaf sayəsində belə bir tədbiri keçirmək mümkün olur. Bunun müsbət tərəflərini görməkdəyik. 2016-cı ildən indiyədək turistlərin sayı 4 dəfə artıb. 2016-cı ildə 144 otel var idisə, indi 200-dən çoxdur. Belə əhəmiyyətli tədbirlər həm Bakını dünyada təbliğ edir, həm də sakinlərimiz böyük sürətlə dünyaya inteqrasiya edirlər. Belə tədbirləri davam etdirmək niyyətindəyik. Bu il də yüksək səviyyədə Qran-pri keçirəcəyimizə əminəm".
Daha sonra konfransda nitq söyləyən AFFA-nın baş katibi və icraçı vitse-prezidenti Elxan Məmmədov İngiltərənin "Çelsi" və "Arsenal" klubları arasında Bakı Olimpiya Stadionunda təşkil olunmuş final matçı zamanı paytaxtdakı bəzi pabların qonaqların ingilis azarkeşlər olduğunu nəzərə almadıqlarını söyləyib: "Ümid edirəm ki, Avropa çempionatı vaxtı bunu nəzərə alacaqlar. Eyni zamanda hazırda idman infrastrukturu ilə bağlı xeyli iş görülsə də, hələ məşq meydanları çatışmır".

E.Məmmədov artıq iki ildir AVRO-2020-nin hazırlıqlarına başladıqlarını diqqətə çatdırıb. O, belə tədbiri təşkil etməyə hazır olduqlarını söyləyib: "Artıq 111 min bilet xarici vətəndaşlar tərəfindən alınıb. İndidən biletləri onlayn vasitəsilə əldə etməyə çağırıram".

Tədbirin keçirilməsində əsas məqsəd yerli biznes qurumlarını bir araya gətirərək ölkədə təşkil olunan irimiqyaslı idman yarışlarından maksimum faydalanmaq imkanlarını müzakirə etmək və bu istiqamətdə mütərəqqi beynəlxalq təcrübəni bölüşmək olub.
Fotolar: Nigar Vəlili
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB