Ümumdünya Boks Seriyasının mükafat fondu müəyyən edilib

Ümumdünya Boks Seriyasının mükafat fondu müəyyən edilib

Azərbaycanın "Baku Fires" boks klubu ümumdünya boks seriyasının (WSB) yarımfinalına çıxmışdır. İsveçrənin Lozanna şəhərində keçirilmiş püşkatmanın nəticələrinə görə, turnirin növbəti mərhələsində Azərbaycan klubu Fransanın "Paris United" komandası ilə qarşılaşacaqdır.


SİA-nın xəbərinə görə, bu komandaların birinci matçı aprelin 8-də və ya 9-da Azərbaycan paytaxtında, cavab görüşü isə aprelin 15-də və ya 16-da Parisdə keçiriləcəkdir. Yarımfinalda qarşılaşacaq digər cütlük "Astana Arlans" və Amerikanın "Los Angeles Matadors" komandalarıdır.


Komanda yarışları çərçivəsində keçirilmiş şəxsi birinciliyin 10 finalçısı arasında "Baku Fires" klubunun iki üzvü vardır. Soltan Miqitinov (73 kq) və Maqomedrasul Məcidov (91 kq) öz çəki dərəcələrində ən güclü boksçu titulu uğrunda mübarizə aparacaqdır. Miqitinovun rəqibi ukraynalı Sergey Derevyançenko olacaq, Məcidov isə italiyalı Klemento Russo ilə görüşəcəkdir.


Ümumdünya Boks Seriyasının mükafat fondu da müəyyən edilib. Çempion adını qazanan komanda 500 min dollar, finalda uduzan komanda 150 min dollar, yarımfinallarda mübarizəni dayandırmalı olan klubların hərəsi 50 min dollar alacaqdır. Şəxsi birinciliyin qalibləri hərəyə 20 min dollar və öz komandaları üçün də eyni məbləğ qazanacaqlar. Bu mərhələdə uduzanların mükafat məbləğləri iki dəfə az olacaqdır. Bundan əlavə, qaliblərə 2012-ci ildə Londonda keçiriləcək Olimpiadaya vəsiqələr təqdim ediləcəkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə