E-Milli yığmamıza seçimlərin qalibləri bəlli olub

Azərbaycan Kiber İdman Federasiyasının və AFFA-nın birgə təşkilatçılığı ilə yanvarın 25-də “Nizami e-Sports Arena”da (Nizami kinoteatrı) PES2020 konsol oyununda futbol üzrə e-Milli yığmamıza seçimlər təşkil olunub.

SİA-nın məlumatına görə, çempionata qeydiyyat yanvarın 15-dən 22-dək olan müddəti əhatə edib. İştirak üçün müraciət etmiş 814 nəfər arasında qeydiyyatdan keçmiş ilk 256 nəfər çempionatda öz bacarığını göstərmək şansı qazansa da, yanvarın 25-də təşkil olunmuş turnirdə 175 nəfər iştirak edib. Çempionata qoşulmayan iştirakçılara texniki məğlubiyyət verilib.

Turnir PES2020 qaydaları əsasında təşkil olunub. Qeyd edək ki, iştirakçıların seçimi olimpiya sistemi əsasında aparılıb.

Gərgin mübarizə şəraitində keçən oyunda “Jamal_Zl” ləqəbli Camal Zeynallı (“Fransa”) 4:3 hesabı ilə qalib gəlib. “Mahmudof” ləqəbli Təbriz Mahmudov (“Fransa”) ikinci yerə çıxıb. Üçüncü və dördüncü yerləri isə çempionatda “Nappibey” ləqəbi ilə iştirak edən Əli Gözəlzadə (“Fransa”) və “FiruzBuksayev” ləqəbli Firuz Buksayev (“Fransa”) bölüşüblər.

Turnirdə ilk 4 yerin sahibi e-Milli yığmanın heyətini təşkil edib. Eyni zamanda, qaliblərə AFFA tərəfindən e-Milli yığmanın formaları, eləcə də “PlayStation 4” oyun konsolu təqdim olunub.

Bundan əlavə, e-Milli komandamızın üzvləri ikisi əsas, ikisi ehtiyat üzv olmaqla, ilk e-Avro ilə yanaşı, müxtəlif çempionatlarda, yoldaşlıq görüşlərində Azərbaycanı təmsil etmək şansı qazanacaqlar. Seçmə mərhələsi mart-may aylarında keçiriləcək e-Avropa Çempionatında millimiz Slovakiya, Yunanıstan, Finlandiya və Norveçlə birgə D qrupunda mübarizə aparacaq. 55 iştirakçı ölkə arasından 16 e-Milli komanda 9-10 iyul tarixlərində final mərhələdə iştirak etmək uğrunda yarışacaq və Londonda baş tutacaq final mərhələsində ilk e-Avro-nun qalibini təyin edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə