İdmançılarımız mübarizəyə başlayıb

Böyüklərdən ibarət milli komandamız yanvarın 24-də Parisdə start götürən Karate 1 Premyer Liqa turnirində mübarizəyə başlayıb. SİA-nın məlumatına görə, kişilərin yarışında ölkəmizi Firdovsi Fərzəliyev (60 kq), Rafiz Həsənov və Tural Ağalarzadə (hər ikisi 67 kq), Rafael Ağayev (75 kq), Ayxan Mamayev, Pənah Abdullayev və Turqut Həsənov (hər üçü 84 kq) təmsil edirlər. Qadınların yarışında isə Nuranə Əliyeva (50 kq), İlahə Qasımova (55 kq), İrina Zaretska (68 kq) və Fəridə Əliyeva (+68 kq) güclərini sınayırlar.

Roman Heydərov (fərdi), Tural Balcanlı, İsmayıl Quliyev və Rövşən Əliyev (komanda) isə kata yarışında medallar uğrunda mübarizə aparırlar.

Dünya Karate Federasiyasının (WKF) ən nüfuzlu liqa yarışının Paris mərhələsini idarə edən referilər arasında beynəlxalq hakimlərimiz Cahangir Babayev və Vüqar Kərimov da yer alıblar.

Fransadakı turnirdə 92 ölkədən 703 karateçi yarışacaq. İdmançılar hər qələbəyə və medalların əyarına əsasən dünya reytinqi ilə yanaşı, Olimpiya reytinq xalları da qazanacaqlar.

Parisdə, həmçinin ötən mövsümün yekununa əsasən fərqlənən karateçilərə “Grand Winners” mükafatları təqdim olunacaq. Mükafatçılar arasında məşhur Azərbaycan idmançıları Rafael Ağayev (75 kiloqram) və İrina Zaretska (68 kiloqram) da var.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...