İdmançılarımız cüdo üzrə Qran-prinin ilk gününü başa vurublar

İsrailin paytaxtı Təl-Əvivdə cüdo üzrə Qran-Pri turnirinə start verilib. SİA-nın məlumatına görə, ilk yarış günündə Azərbaycan təmsilçilərindən 9-u mübarizə aparıb.

66 kq çəki dərəcəsindəki Orxan Səfərov ardıcıl olaraq Daniel Perez (İspaniya), Limhvan Kim (Cənubi Koreya), Boqdan İadovu (Ukrayna) məğlub etsə də, 1/4 finalda Yerlan Serikjanova (Qazaxıstan) uduzaraq təsəlliverici görüşə qatılıb. Səfərov digər qazaxıstanlı cüdoçu Yeldos Jumakanova da məğlub olaraq medalsız qalıb. Bu çəkidəki İbrahim Əliyev isə Beslan Mudranovdan (Rusiya) güclü olsa da, Xuan Postigos (Peru) ilə bacarmayıb.

60 kq çəkidə Yaşar Nəcəfov ilk qarşılaşmasında Artem Lesiuka (Ukrayna), Kəramət Hüseynov isə Angelo Pantanoya (İtaliya) uduzaraq mübarizəni erkən dayandırıb.

Qadınların yarışında Leylа Əliyeva və Aişə Qurbanlı (hər ikisi 48 kq) ilk görüşlərində məyus olublar. Onlar müvafiq olaraq Şira Rishoni (İsrail) və Gülkader Şentürkə (Türkiyə) uduzublar Gültac Məmmədəliyeva (52 kq) Gürcüstan təmsilçisi Tetiana Levytska-Şukvanini məğlub etsə də, Andrea Çituya (Rumıniya) uduzub.

57 kq-dakı Aleksandra-Larisa Florian ardıcıl olaraq Ana Rosanı (Dominikan Respublikası) və Eteri Lipartelianini (Gürcüstan) məğlub edib. O, 1/4 finalda macarıstanlı Hedviq Karakasa uduzaraq təsəlliverici görüşlərə qatılıb. Florian Kosovo cüdoçusu Nora Cakovanın da müqavimətini qıra bilməyib.

Bu çəkidəki İçinxorlu Munxtsedev ilk görüşdə Avstriya idmançısı Sabrina Fikzmoserə məğlub olub.

Bütün xəbərlər Facebook səhifəmizdə