Futbol komandalarımız növbəti yoxlama oyunları keçirəcəklər

Yanvarın 22-də Azərbaycanın üç klubu Antalyada növbəti yoxlama oyunu keçirəcəklər.

SİA-nın məlumatına görə, günün birinci oyununda “Qələbə” komandası Bolqarıstanın “Etar” klubu ilə üz-üzə gələcək. Oyun “Karvansaray” otelinin meydançasında baş tutacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Paytaxt təmsilçisi “Keşlə” ikinci oyunda Rusiyanın “Arsenal” komandası ilə münasibətlərinə aydınlıq gətirəcək. Görüşə Bakı vaxtı ilə saat 18:00-da start veriləcək.

Son oyunda isə ötən il Azərbaycan çempionu olan Ağdamın “Qarabağ” komandası ikinci yoxlama oyununda Qazaxıstanın “Jetisu” klubu ilə qarşılaşacaq. Matç saat 18:00-da başlayacaq.

Xatırladaq ki, yanvarın 14-də keçirilən ilk matçda Macarıstanın MTK klubuna 0:3 hesabı ilə uduzan “Qəbələ” dörd gün sonra Rusiya təmsilçisi “Çayka”nı üç cavabsız qolla məğlub edib. Qəbələ təmsilçiləri yanvarın 25-də keçiriləcək sonuncu görüşdə Rumıniyanın “Konkordiya” klubu ilə qarşılaşacaq. “Keşlə” Antalyada keçirdiyi yeganə yoxlama görüşündə Almaniyanın III Bundesliqa təmsilçisi “Zvickau” klubuna 1:4 hesabı ilə uduzub. “Qarabağ” isə ilk sınağında Rumıniyanın “Akademika Klinçeni” klubu ilə 2:2 hesablı heç-heçə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...