AGF-nin X ümumi yığıncağı keçirilib

Azərbaycan Gimnastika Federasiyasının (AGF) onuncu ümumi yığıncağı keçirilib. SİA-nın məlumatına görə, 2019-cu ilin yekunlarına həsr olunmuş tədbirdə federasiyanın İcra Komitəsinin üzvləri, təsisçi qurumların, federasiyanın nümayəndələri və gimnastika növləri üzrə yığma komandaların məşqçiləri və gimnastları iştirak ediblər.

Rəsmi açılışdan sonra yığıncağın gündəliyində duran məsələlər müzakirə olunub. Gündəlikdə federasiyanın fəaliyyəti ilə əlaqədar bir sıra mühüm məsələlər yer alıb.

Əvvəlcə İcra Komitəsi tərəfindən təyin olunmuş mandat komissiyasının üzvləri təsdiq edilib. Daha sonra doqquzuncu ümumi yığıncağın protokolu və onuncu ümumi yığıncağın gündəliyi təsdiqlənib.

Yığıncaqda AGF-in baş katibi Nurlana Məmmədzadənin 2019-cu ildəki fəaliyyətin yekunlarına və baş mühasib Viktoriya Abuşovanın maliyyə ilinə dair hesabat məruzələri dinlənilib və səsə qoyularaq təsdiq edilib.

Daha sonra gimnastika sahəsində nailiyyət qazanan və ya xidmətləri olan şəxslərə xatirə medalları təqdim olunub.

Bədii gimnastika üzrə yığma komandanın məşqçisi Yevgeniya Velyayeva, akrobatika gimnastikası üzrə yığmanın baş məşqçisi İradə Qurbanova, gimnastlar Abdulla Əl-Məşayxi və Ruhidil Qurbanlı, eləcə də qadın idman gimnastikası üzrə baş məşqçi Pşemislav Lis bürünc medalla təltif ediliblər.

Aerobika gimnastikası üzrə aerodans qrupunun üzvləri Elçin Məmmədov, Balaxanım Əhmədova, Nərminə Hüseynova, İmran İmranov, Mədinə Mustafayeva, Akif Kərimli, Ayxan Əhmədli, Nigar İbrahimbəyli gümüş medala, həmin növ üzrə baş məşqçi Marian Kolev isə qızıl medala layiq görülüblər.

Bütün xəbərlər Facebook səhifəmizdə