Azərbaycan Taekvondo Federasiyasında yığıncaq keçirilib

Yanvarın 17-də Azərbaycan Taekvondo Federasiyasında (ATF) ötən ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilib. SİA-nın məlumatına görə, yığıncaqda federasiyanın nümayəndələri, məşqçi heyəti və idmançılar da iştirak ediblər.

Hesabat məruzəsi ilə çıxış edən federasiyanın vitse-prezidenti Nağı Səfərov təşkilatın 2019-cu ildəki fəaliyyətindən danışıb, qazanılan nailiyyətlərə əsasən ilin uğurlu keçdiyini qeyd edib. Bildirib ki, böyüklərdən ibarət millinin üzvü Milad Beigi Hərçəqaninin ikinci dəfə dünya çempionatının qalibi olması, qarşıdan gələn Olimpiadaya lisenziyanı təmin etməsi, eləcə də parataekvondo yığmasının qadın üzvü Aynur Məmmədovanın dördüncü dəfə Avropa çempionu adını qazanması bu müvəffəqiyyətin bariz nümunələridir. Apreldə İtaliyanın Milan şəhərində keçiriləcək Avropa qitəsinin lisenziya turnirində daha üç idmançımızın Tokio Olimpiadasına vəsiqə qazanmaq şansının olacağını vurğulayan N.Səfərov məşqçi heyətinə və idmançılara qarşıdakı yarışlarda uğurlar arzulayıb.

Sonra çıxış edən ATF-nin milli komandalara nəzarət üzrə vitse–prezidenti Niyaməddin Paşayev qarşıdakı yarışlarda hədəflərin daha böyük olduğunu vurğulayaraq deyib: “Ötən il federasiyanın idmançıları rəsmi yarışlarda 30, parataekvondoçular isə 4 medal əldə ediblər. Gələcəkdə yeniyetmələr arasında Avropa birinciliyi və gənclər arasında dünya birinciliyi keçiriləcək. Bu il komandamızın Tokio Olimpiadasına əlavə lisenziya qazanmaq şansı var. Həmin yarışlara 5 parataekvondoçumuz qatılacaq. Fikrimcə, idmançılarımız bu şansdan istifadə etməlidirlər”.

Federasiyanın hakimlər komitəsinin sədri, beynəlxalq dərəcəli hakim Gündüz Abdullayev qeyd edib ki, ötən il hakimlərin hazırlığı və peşəkarlığının artırılması məqsədi ilə təlim-seminarlar keçirilib. Bundan sonra da federasiyanın hakimlərinin beynəlxalq status almaları üçün əməli tədbirlər görüləcək.

Sonra ötən il yüksək nəticələr göstərmiş idmançılar, onların məşqçiləri, yığma komandaların baş məşqçiləri və taekvondoçuların şəxsi müəllimləri məhsuldar fəaliyyətlərinə görə ATF-nin fəxri fərmanları ilə təltif edilib və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə