Voleybol üzrə millimiz “Tokio-2020”yə vəsiqə uğrunda mübarizə aparacaq

Voleybol üzrə millimiz “Tokio-2020”yə vəsiqə uğrunda mübarizə aparacaq

Bu gün 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli qadın voleybolçular arasında Avropa təsnifat turnirinə start veriləcək.

SİA-nın məlumatına görə, Niderlandın Apeldorn şəhərində təşkil olunacaq yarışda Azərbaycan millisi də mübarizə aparacaq. Vаsif Tаlıbovun baş məşqçi olduğu kollektiv A qrupunda Niderland, Bolqarıstan və Polşa ilə mübarizə aparacaq. B qrupunda isə Türkiyə, Almaniya, Belçika və Xorvatiya yığmaları çıxış edəcək.

Azərbaycan millisi ilk görüşünü bu gün meydan sahiblərinə qarşı keçirəcək. Bu gün həmçinin Almaniya-Türkiyə və Polşa-Bolqarıstan qarşılaşmaları da olacaq.

Reqlamentə əsasən, qrupda ilk iki yeri tutacaq komandalar yarımfinala yüksələcəklər. Burada çarpaz olaraq üz-üzə gələcək yığmalar ardınca finalçını müəyyənləşdirəcəklər. Həlledici görüşdə isə “Tokio-2020” Yay Olimpiya Oyunlarında Avropanı təmsil edəcək sonuncu komandanın adı dəqiqləşəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə