İlin idman yekunları HESABAT

Azərbaycan 2019-cu ildə müxtəlif idman növlərini əhatə edən önəmli beynəlxalq idman yarışlarına və irimiqyaslı tədbirlərə ev sahibliyi edib. SİA-nın məlumatına görə, Azərbaycan Respublikasında bədən tərbiyəsi və idmanın inkişafı üzrə 2013-2020-ci illər üzrə Milli Strategiyasına uyğun olaraq il ərzində də müxtəlif nüfuzlu yarışlarda medallar da qazanılıb.

Dekabrın 25-də Milli Olimpiya Komitəsində 2019-cu ilin idman yekunlarına həsr olunan mərasimdə Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev iştirak edib.

Prezidentimiz ilin idman yekunlarına dair söylədiyi bir fikirdə “Bu gün Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Bizim idman nəticələrimiz, uğurlarımız, qələbələrimiz, eyni zamanda, idmana dövlət tərəfindən göstərilən dəstək, dövlət proqramlarının icrası, əlbəttə ki, beynəlxalq idman qurumları tərəfindən də yüksək qiymətləndirilir. Təsadüfi deyil ki, Beynəlxalq Olimpiya Komitəsi, Avropa Olimpiya Komitəsi, beynəlxalq federasiyalar bizim fəaliyyətimizə çox yüksək qiymət verirlər” deyə ifadə etmişdir.

Sonra Dövlətimizin başçısı tərəfindən 2019-cu ildə yüksək nailiyyətlər qazanan idmançılara mükafatlar təqdim olunub. Eyni zamanda ölkəmizdə bədən tərbiyəsinin və idmanın inkişafında xidmətləri olan idman mütəxəssislərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sənədləri təqdim edib.

Preidentimizin iştirakı ilə keçirilən bu tədbir bir daha sübut edir ki, həmişə olduğu kimi idmana diqqət və qayğısı sayəsində idmançıları yeni qələbələrə səsləyir və yarış fəaliyyətlərini genişləndirir.

Azərbaycanda idman siyasətinin düzgün qurulduğunu hər il keçirilən mötəbər yarışlar isbat edir. 2019-cu ildə keçirilən irimiqyaslı yarışların hesabatı bunlardır:

Ölkəmizdə fəaliyyət göstərən idman federasiyaları arasında Azərbaycan Gimnastika Federasiyası (AGF) özünün səmərəli, işgüzar fəaliyyəti ilə gimnastikanın 6 növünü müvəffəqiyyətlə inkişaf etdirir.

Bir sözlə, AGF ölkənin ən fəal idman qurumlarından biri kimi il ərzində uğurla fəaliyyət göstərib. Federasiyada fevralın 16-17-də batut gimnastikası və tamblinq, martın 14 - 17-də idman gimnastikası, aprelin 26 – 28-də bədii gimnastika üzrə Dünya Kubokları Milli Gimnastika Arenasında keçirilib. Mayın 17 – 19-da bədii gimnastika üzrə Avropa çempionatı və 16 - 22 sentyabrda isə eyni növdə dünya çempionatı Bakıda təşkil olunub. Paytaxtdakı hər üç Dünya Kuboku və dünya çempionatı “Tokio-2020” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyıb. Mixail Malkin tamblinq növündə, Nikita Simonov idman gimnastikasında gümüş medal qazanıb.

“Formula” yarışları artıq dördüncü dəfədir ki, ölkəmizdə keçirilib. Bu yarışın məhz Bakıda uğurla reallaşması, eləcə də Bakı trasının özünəməxsusluğu ayrı bir həyəcan və məsuliyyət yaradır. Həm çətinliyi, həm də unikallığı ilə seçilən “Formula-1 SOCAR Azərbaycan Qran-Prisi 2019” yarışı da möhtəşəm idi.

Qeyd edək ki, 2019-cu il 26 – 28 aprelində keçirilən “Formula 1” üzrə Azərbaycan Qran-prisində yarışın qalibi "Mersedes" komandasının pilotu Valtteri Bottas olub.

Bakıdakı ən böyük idman yarışı isə sözsüz ki, İngiltərənin “Çelsi” və “Arsenal” komandalarının arasında keçirilmiş Avropa Liqasının final matçıdır. Ölkənin ən böyük arenası olan Bakı Olimpiya Stadionundakı oyun "Çelsi"nin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

İyulun 20-dən 28-dək paytaxtda Avropa Gənclər Olimpiya Festivalı gerçəkləşib. Nüfuzlu idman xadimləri, ekspertlər Azərbaycan paytaxtında keçirilən Avropa Gənclər Olimpiya Festivalının yüksək səviyyədə təşkil olunduğunu qeyd ediblər. Avropa Olimpiya Komitələrinin prezidenti Yanes Kosyançiç Bakının əvvəlki turnirlərdə olduğu kimi, bu festivala da uğurla ev sahibliyi edəcəyini vurğulayıb.XV Avropa Gənclər Yay Olimpiya Festivalının təntənəli açılış mərasimində “Baku Crystal Hall”a toplaşmış tamaşaçılar və yüz minlərlə televiziya izləyiciləri unudulmaz anlarının şahidi oldular. Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və “Baku Crystal Hall”a toplaşmış tamaşaçılar idmançılarımızı hərarətlə salamlayıblar. “EYOF 2019”da atletlər idmanın 10 növü - gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş üzrə yarışlarda qüvvələrini sınayıblar. Festivalda Avropanın 48 ölkəsindən 3900 atlet iştirak edib. İştirakçılar 135 dəst medal uğrunda güclərini sınayıblar.

Festivalda Azərbaycanı 122 idmançı təmsil edib. Heyətdə güləşçilər və yüngül atletlər sayca üstünlük təşkil ediblər. Azərbaycan bu idman növlərinin hər biri üzrə 18 nəfərlə təmsil olunub. Bundan başqa, cüdo yarışlarında 12, bədii gimnastikada 4, velosiped idmanında 6, tennis 4, üzgüçülük yarışlarında 6 idmançımız mübarizə aparıblar. Komanda idman növlərində isə voleybol və basketbol yığmalarımızın hər birinin heyətinə 12 idmançı daxil edilmişdi. Oğlanlardan və qızlardan ibarət həndbol komandalarımızda isə ümumilikdə 30 oyunçu yer almışdı. Azərbaycan komandası yarışı 10 qızıl, 7 gümüş, 6 bürünc olmaqla, ümumilikdə 23 medalla 4-cü sırada başa vurub.

Bu il həmçinin mayın 10 - 12-də Bakıda cüdo üzrə Böyük Dəbilqə keçirilib. Hidayət Heydərov (73 kq) qızıl, Nicat Şıxəlizadə (66 kq) və Məmmədəli Mehdiyev (90 kq) gümüş, Rüstəm Orucov (73 kq), Telman Vəliyev (73 kq), Zelim Kotsoyev (100 kq) və İrina Kindzerska (78 kq) bürünc medal qazanıb.

İyunun 6 - 9-da təşkil badminton üzrə “Azerbaijan International-2019” Dünya Kuboku da məhz Bakıda baş tutub.

Azərbaycan idmançıları bu il beynəlxalq arenalarda da müxtəlif uğurlara imza atıblar. Belarusun paytaxtı Minskdə keçirilmiş II Avropa Oyunlarında 28 medal (5 qızıl, 10 gümüş, 13 bürünc) qazanılıb və ölkə medal sıralamasında 10-cu yer tutulub.

Azərbaycan idmançıları İtaliyanın Neapol şəhərindəki XXX Ümumdünya Yay Universiadasını isə 7 medalla 18-ci pillədə başa vurublar.

Mübarizəyə UEFA Çempionlar Liqasında başlayan "Qarabağ" Futbol Klubu UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. Azərbaycanın digər təmsilçilərindən "Qəbələ" II təsnifat mərhələsində Gürcüstan "Dinamo"suna, III mərhələyə kimi irəliləyən "Neftçi" isə İsrailin "Bney Yehuda" klubuna məğlub olub. "Səbail" isə elə ilk mərhələdəcə Rumıniya "Krayova"sına uduzaraq, debüt etdiyi avrokuboklarla erkən vidalaşıb.

Azərbaycan milli komandası isə AVRO-2020-nin seçmə mərhələsində Xorvatiya, Uels, Macarıstan və Slovakiya ilə mübarizədə 1 xal qazanaraq, qrup sonuncusu olub.

Bu il həmçinin ölkənin bir neçə idmançısı Avropa və dünya çempionatlarında qızıl medal qazanıb.

İlin əvvəlində azərbaycanlı atlet Nazim Babayev ölkə tarixində ilkə imza ataraq 3 təkanla tullanma yarışında Avropa çempionu olub.

Sərbəst güləşçilərdən Hacı Əliyev (65 kq), Cəbrayıl Həsənov (79 kq) və Şərif Şərifov (92 kq) Avropa çempionu, qadın güləşçilərdən Mariya Stadnik (50 kq) dünya çempionu, Elis Manolova (65 kq) isə Avropa çempionu olub.

Bundan əlavə taekvokdoçu Milad Beigi Harçeqani (80 kq) dünya çempionu adını qazanıb.

2019-cu ildə şahmatda da bir sıra uğurlar əldə olunub. Teymur Rəcəbov Dünya Kubokunun qalibi olub. Şahmat üzrə qadınlardan ibarət komanda isə Avropa çempionatında bürünc mükafat əldə edib.

2020-ci il Tokio Yay Olimpiya Oyunlarına isə 11 lisenziya qazanılıb. Güllə atıcısı Ruslan Lunyov, sərbəst güləşçi Şərif Şərifov (97 kq), qadın güləşçi Mariya Stadnik (50 kq), taekvondoçu Milad Beigi Harçeqani (80 kq), atletikanın çəkicatma növündə Anna Skidan, üzgüçü Maksim Şemberev (400 metr), idman gimnastları Marina Nekrasova və İvan Tixonov, eləcə də bir nəfər şose yarışı üçün kişi velosipedçi (idmançını milli federasiya müəyyənləşdirəcək), bədii gimnastikada fərdi qaydada Zöhrə Ağamirova və qrup komandası "Tokio-2020" XXXII Yay Olimpiya Oyunlarına vəsiqə əldə edib. Həmçinin nüvə itələmədə Oloxan Musayev və Samir Nəbiyev, uzununa tullanmada (T12) Kamil Əliyev, atıcılıqda Kamran Zeynalovla Yelena Taranova, parapauerliftinqdə Elşən Hüseynov, eləcə də paraüzgüçülükdə Roman Saleh paralimpiadada iştirak etmək hüququna sahib olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə