"Əldə olunan uğurların arxasında Prezidentin qayğısı dayanır" - Ramiz Quliyev ŞƏRH-ÖZƏL

“Azərbaycan artıq beynəlxalq aləmdə idman ölkəsi kimi tanınır. Bu, həyata keçirilən uğurlu dövlət siyasətinin məntiqi nəticəsidir”. Bu fikirləri SİA-ya açıqlamasında Prezidentin Fəxri Fərmanı ilə təltif olunan, May-Tay boks Federasiyasının vitse-prezidenti Ramiz Quliyev deyib.

Ölkəmizdə idmançıların hərtərəfli qayğı ilə əhatə olunduğunu deyən Federasiyanın vitse-prezidenti söyləyib ki, məhz bunun nəticəsidir ki, ölkə idmançıları beynəlxalq yarışlarda böyük uğurlar əldə edirlər.

Azərbaycan Prezidenti İlham Əliyevin ötən gün ilin idman yekunları ilə bağlı keçirilən tədbirdə çıxışına diqqət çəkən R.Quliyev söyləyib ki, ölkə başçısının da vurğuladığı kimi bu il idmançılarımızın beynəlxalq yarışlarda 775 medal qazanması 2019-cu ilin ölkə idmanı üçün əlamətdar il olduğunu göstərir: “Əlbəttə ki, əldə olunan bütün uğurların arxasında bu sahəyə göstərilən diqqət dayanır. Son illərdə ölkəmizdə idman infrastrukturunun yaradılması istiqamətində mühüm tədbirlər görülür, yeni obyektlər tikilib istifadəyə verilir. Təsadüfi deyil ki, beynəlxalq Olimpiya Hərəkatının fəal üzvlərindən olan Azərbaycanda tikilib istifadəyə verilən Olimpiya-İdman komplekslərinin, eləcə də Gənclər Evinin sayı 40-ı ötüb”.

Federasiya rəsmisi vurğulayıb ki, ölkə idmanının həyatında yeni mərhələ İlham Əliyevin 1997-ci ildə Milli Olimpiya Komitəsinin prezidenti seçiləndən sonra başlayıb: “Belə ki, Miilli Olimpiya Komitəsinin rəhbərliyi ilə həyata keçirilən tədbirlər qısa zaman kəsiyində öz bəhrəsini verməyə başladı. İdmançılara dövlət qayğısı ilə yanaşı, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm işlərə start verildi. 2000-ci ildən etibarən Azərbaycanın müxtəlif bölgələrində müasir tipli olimpiya idman kompleksləri tikilib istifadəyə verilməyə başladı. Azərbaycan xalqının fiziki-mənəvi sağlamlığına çalışan İlham Əliyev prezident seçildikdən sonra da idman və bədən tərbiyəsinin inkişafı sahəsində kompleks tədbirlərin həyata keçirilməsini diqqətdə saxlayır, daim respublikamızın idman imicinin yüksəlməsinə çalışır. Ötən gün keçirilən yekun tədbirində də Dövlət başçısı Azərbaycanda kütləviliyin təmin olunması, xüsusilə də bölgələrdə kənd idmanının inkişafı və asudə vaxtın səmərəli təşkili ilə bağlı müvafiq qurumlara tapşırıqlar verərək, idmançıları maarrifləndirmə işlərində aktiv iştiraka çağırdı. Prezident həmçinin qeyd etdi ki, idman vətənpərvərlik hisslərinin artırılması, milli ruhun yüksəldilməsi üçün vacibdir”.

R.Quliyev qeyd edib ki, Prezident İlham Əliyevin nitqindən də göründüyü kimi Azərbaycanda idman sahəsində qarşıya qoyulan məqsədlərdən biri gənclərin sağlamlığının qorunması, buna xidmət edən təşviqedici və maarifləndirmə tədbirlərinin keçirilməsidir: “Unutmayaq ki, sağlam gənclik həm də sağlam gələcək deməkdir. Ölkə rəhbərliyinin qayğısı ilə həyata keçirilən tədbirlər, görülən işlər bir daha onu deməyə əsas verir ki, ölkəmizdə idmanın inkişafı tək bu illə yekunlaşmır, Azərbaycan idmanının inkişafı gələcək illərdə də yüksək səviyyədə təmin olunacaq”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə