"Sərhədçi" Kikboksinq klubu ili necə başa vurdu? RƏSMİ AÇIQLAMA

"Sərhədçi" Kikboksinq klubu ili necə başa vurdu? RƏSMİ AÇIQLAMA

“Bu il ərzində “Sərhədçi” Kikboksinq klubu böyük, mötəbər idman yarışlarında iştirak edib. Beynəlxalq yarışlar çərçivəsində turnirlərdə, Avropa və dünya çempionatlarında uğurlar qazanmışıq. Buna idmançılarımızın ilin yekununda, 13-16 dekabr tarixlərində Ukraynada keçirilən WİZARD-OPEN adlı turnirə qatıldığını misal çəkmək olar”. SİA-nın məlumatına görə, bunu Azərbaycan Respublikasının Kikboksinq Federasiyasının "Sərhədçi" Kikboksinq klubunun rəhbəri, Əməkdar məşqçi, əməkdar idman ustası, dünya çempionu Fuad Zeynalov jurnalistlərə açıqlamasında bildirib.

O deyib ki, bu il “Sərhədçi” komandasının ən böyük uğurlarından biri yeniyetmələr arasında Qəşəm Məmmədovun Avropa birinciliyinə və Avropa kubokuna sahib olmasıdır: “Xatırladım ki, 16 yaşlı Q. Məmmədov eyni zamanda böyüklər arasında full kontakt WAKO versiyası üzrə dünya üçüncüsüdür”.

F.Zeynalov klubun digər uğurlarından danışaraq Dünya Kikboksinq Təşkilatları Assosiasiyasının (WAKO) prezidenti Roy Beykerin də iştirak etdiyi WİZARD-OPEN beynəlxalq turnirini qeyd edib: “Turnir möhtəşəm keçirildi. 7 idmançımızın qatıldığı yarışlarda 7 medal qazandıq. "Sərhədçi"nin döyüşçüləri 3 qızıl, 2 gümüş və 2 bürünc medalla yarışı başa vurublar. İdmançılarımızdan 4 nəfəri yarımfinalda və final görüşlərində məğlub olsalar da xatırladaq ki, onlar Bolqarıstandan, Ukraynadan, Moldovadan və digər ölkələrdən olan güclü rəqiblərlə qarşılaşıblar. İki nəfər idmançımızın final döyüşü Qala gecəsinə salınıb və 71 kq çəkidə Elşad Şahbazov və 81 kq çəki dərəcəsində olan Elcan Alıkişiyev uğurla çıxış edərək yarışın birincisi olublar. Beləliklə, bizim komandamız Qala gecəsində WİZARD-OPEN turnirinin kəmərini qazanıblar”.

Klub rəhbəri əldə olunan uğurlara görə, Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyevə, Azərbaycan Kikboksinq Federasiyasının və “Sərhədçi” İdman Kompleksinin rəhbərliyinə öz dərin təşəkkürünü bildirib: “Onlar bizim klubun beynəlxalq yarışlarda iştirakına dəstək verirlər. Biz də bu dayağın nəticəsində Azərbaycanın adından uğurla çıxış edərək bayrağımızı yüksəldirik. Hədəfimiz 2020-ci ildə uğurlarımızın davamı olaraq beynəlxalq yarışlarda və WAKO-nun təşkilatçılığı ilə keçiriləcək dünya çempionatında yüksək nəticələr əldə etməkdir”.

Bütün xəbərlər Facebook səhifəmizdə