Basketbolçular arasında Avropa çempionatının püşkü atılıb

Kişi basketbolçular arasında kiçik ölkələrin Avropa çempionatının püşkü atılıb. SİA-nın məlumatına görə, Almaniyanın Frayzinq şəhərində baş tutan tədbirdə Azərbaycan millisinin də rəqibləri müəyyənləşib.

Yığmamız Ermənistan, İrlandiya və Andorra ilə B qrupunda mübarizə aparacaq. Qrupun matçları 2020-ci il iyunun 29-dan iyulun 4-dək Limerik şəhərində təşkil olunacaq.

Digər qrupda Malta, Cəbəllütariq və San-Marino basketbolçuları oynayacaqlar.

16 yaşadək oğlan basketbolçulardan ibarət yığma isə C divizionunda qüvvəsini sınayacaq. Püşk komandamızı A qrupunda Uels, Andorra, Moldova və Şotlandiyaya rəqib edib. Qrupun qarşılaşmaları iyulun 11-19-da Kosovanın paytaxtı Priştinada keçiriləcək.

Digər qrupda meydan sahibləri ilə yanaşı, Albaniya, Ermənistan, San-Marino, Cəbəllütariq və Malta gücünü yoxlayacaq.

Qeyd edək ki, ümumilikdə 18 turnir üzrə yarışların püşkü atılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə