“Rabitə BAKI” Çempionlar Liqasının “Dördlər finalı”nda

“Rabitə BAKI” Çempionlar Liqasının “Dördlər finalı”nda

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin himayəsində olan "Rabitə BAKI" qadın voleybol komandası ilk dəfə ölkəmizi 2011 CEV Çempionlar Liqasında təmsil etməsinə baxmayaraq, yüksək peşəkarlıq göstərərək artıq "Dördlər finalı"na vəsiqə qazanıb. SİA-nın xəbərinə görə, Voleybol Dünyasının ən güclü klub turniri hesab olunan Çempionlar Liqasının "Dördlər Finalı" 19-20 mart tarixlərində Türkiyənin İstanbul şəhərində "Burhan Felek Voleybol Salonu"da keçiriləcək.

Məlumat üçün qeyd edək ki, bu ildən Avropa Voleybol Konfederasiyasının təşkil etdiyi digər II və III səviyyəli "2011 CEV CUP" və "2011 GM CAPITAL CHALLENGE CUP" turnirlərində "Dördlər finalı" keçirilməyəcək. Belə olduğu halda 2011 CEV Çempionlar Liqasın "Dördlər Finalı"na marağın daha da artıq olacağını söyləmək olar.

Qeyd edək ki, komanda turnirin qrup mərhələsində İtaliya çempionu Scavolini Pesaro, Polşanın Aluprof Bielsko-Biala və Rumıniyanın Dinamo Romprest Bucharest komandaları ilə qarşılaşıb. "Rabitə BAKI" öz qrupunda uğurla çıxış edərək I yeri tutaraq Playoff 12 mərhəsinə vəsiqə qazanıb.
2011 CEV Çempionlar Liqası turnirinin Playoff 12 mərhələsində komandamız Çexiyanın "Modranska PROSTEJOV" komandasını məğlubiyyətə uğradıb. Turnirin Playoff 6 mərhələsində isə "Rabitə BAKI" Polşanın "Fakro Muszyana" komandasını məğlub etməklə "Dördlər finalı"na vəsiqə qazanıb.

Məlumat üçün bildirək ki, 2011 CEV Çempionlar Liqası turnirinin yarımfinalında "Rabitə BAKI"-nın rəqibi İtaliyanın "Scavolini PESARO" komandası olacaq. "Rabitə BAKI" - "Scavolini PESARO" görüşü martın 19-da yerli vaxtla saat 17:00-da baş tutacaq. Görüş "İdman Azərbaycan" kanalı vasitəsi ilə canlı yayımlanacaq.

Qeyd edək ki, "Rabitə BAKI" qrup mərhələsində "Scavolini PESARO"nu Bakıda 3:1 hesabı ilə məğlub edə bilmişdir. İtaliyada keçirilən cavab görüşü isə rəqibin 3:2 hesabi qələbəsi ilə nəticələnib.

"Dördlər Finalı"nın digər qarşılaşmasında isə iki türk klubu üz-üzə gələcək: "Fənərbaxça Acıbadem" - "Vakıfbank Güneş Sigorta Türk Telekom".
Yarımfinal oyunlarında qalib gələn komandalar martın 20-də Çempionlar Liqası Kubokunu qazanmaq uğrunda mübarizə aparacaq, məğlub olan komandalar isə 3-cü yer uğrunda oynayacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə