10-12 Mart 2010-cu il tarixlərdə Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Bakı şəhəri, Novxanı qəsəbəsində yerləşən "Sərhədçi" Atçılıq Mərkəzində, CSI2*-W kateqoriyalı olan və Novruz Kuboku adı altında keçirilən Dünya Kubokunun Təsnifat Mərhələsi yarışları uğurla başa çatıb.
Federasiyadan SİA-ya verilən xəbərə görə, turnirdə Azərbaycan, Bolqarıstan, Gürcüstan, Rusiya və Monqolustan kimi ölkələrin idmançıları iştirak edib. Ümumilikdə 10 idmançı və 19 baş atın iştirak etdiyi turnirin ilk günü açılış yarışı, ikinci gün vaxta qarşı yarış və nəhayət turnirin sonuncu günü isə Grand Prix – Final yarışı təşkil olunub.
Yarışlara Türkiyə və İran İslam Respublikasından dəvət olunmuş hakimlər kollegiyası nəzarət edib. Tədbirin ümumi mükafat fondu hər günə 23 000 avro olmaq şərtilə 69 000 avro təşkil edib. Üç gün davam edən Turnirin sonuncu günü – Final mərhələsində Azərbaycan idmançısı Camal Rəhimov Platin E ləqəbli atla rəqiblərindən fərqlənərək yarışın qalibi olub. Digər idmançımız Seyid Musayev isə Nabab de Belou ləqəbli atla ikinci yeri qazanıb. Yarışın üçüncüsü də məhz Ursula ləqəbli atla çıxış edən Seyid Musayev olub.
Yarışların nəticələrinə uyğun olaraq idmançıların topladığı xallar onların 2012-ci il Londonda təşkil olunacaq Olimpiya Oyunlarına, həmçinin Dünya Kubokuna vəsiqə əldə etməyinə böyük təsir göstərir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB