Azərbaycan Qran Prisi 2020 üçün suvenir müsabiqəsi keçirilir Formula 1

Yerli əl işi istehsalçıları arasında Formula 1 Azərbaycan Qran Prisi 2020 üçün suvenir müsabiqəsi keçirilir. SİA-nın məlumatına görə, Bakı Şəhər Halqası Əməliyat Şirkəti (BŞH) fəaliyyətinin 5 illiyi münasibətilə yerli əl işi və suvenir istehsalçıları arasında Formula 1 Azərbaycan Qran Prisi 2020-ə həsr olunmuş müsabiqəsi keçirir.

Bunda məqsəd əl işi və suvenir hazırlığı ilə məşğul olanlara dəstək göstərmək və onları avtoidmana aid milli suvenirlər hazırlamağa təşviq etmək və həmçinin cəlbediciliyi baxımından xüsusilə fərqlənən suvenirləri seçərək yarış zamanı onların satışına köməklik göstərməkdir.

BŞH-nin Korporativ Sosial Məsuliyyət proqram çərçivəsində keçirilən müsabiqədə azı 18 yaşa malik istənilən yerli əl işi və suvenir istehsalçıları fərdi sahibkar kimi və ya əlaqədar biznes qurumu adından iştirak edə bilər. İştirak ödənişsizdir və iştirakçılar müsabiqəyə bir və ya daha çox əl işi nümunəsi təqdim edə bilərlər.

BŞH-nin Marketinq və Komunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai bu müsabiqənin yerli əl işi və suvenir istehsalçılarının işgüzar fəaliyyətinə təkan verəcəyini bildirib: “Biz hər il çalışırıq ki, xüsusən trek ətrafı ilə yanaşı btün paytaxtda mövcud olan yerli sahibkarlar Formula 1 Azərbaycan Qran Prisinin onlar üçün yaratdığı biznes imkanlarından bu və ya digər şəkildə tam faydalana bilsinlər. Əl işi və suvenirlərə dair keçirdiyimiz bu müsabiqə də sözügedən məqsədə xidmət edir. İnanırıq ki, müsabiqə çərçivəsində bir-birindən maraqlı əl işi və suvenirlər istehsal olunacaq və bu da öz növbəsində həmin biznes sahəsində işgüzar fəaliyyətin dayanıqlı inkişafına öz töhfəsini verəcəkdir”.

Müsabiqəyə müraciət 9 dekabr 2019-cu il tarixində başlayır və bu proses 31 yanvar 2020-ci ilədək davam edəcək. Müsabiqədə iştirak etmək istəyənlər müraciət formasını tam doldurub imzaladıqdan sonra bu forma ilə birlikdə müsabiqəyə təqdim olunacaq əl işi və suvenirin şəklini competition@bakugp.az email ünvanına göndərməlidirlər. Müraciət forması üçün bizə əvvəlcədən sözügedən email vasitəsilə müraciət olunmalıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...