Həndbol üzrə ölkə çempionatında VII turun görüşləri oynanılıb

Qadın həndbolçuların ölkə çempionatında VII turun görüşləri keçirilib. SİA-nın məlumatına görə, günün böyük maraqla gözlənilən oyununda “Azəryol” və “Azərsu” komandaları üz-üzə gəliblər. Gərgin idman mübarizəsi vəd edən qarşılaşmada ciddi müqavimət göstərən “Azərsu” çox çalışsa da, məğlubiyyətdən yaxa qurtara bilməyib – 24:28.

Turun digər qarşılaşmasında “Qarabağ” “İdman Akademiyası”nı qəbul edib. Autsayderlə oyuna aşkar favorit qismində çıxan “Qarabağ” növbəti qələbəsini çətinlik çəkmədən qazanıb- 38:24.

Hərəyə 12 xalı olan “Azəryol” və “Qarabağ” komandaları çempionatın turnir cədvəlinin şərikli liderləridir. Üçüncü pillədə qərarlaşan “Azərsu”nun 4 xalı var. Autsayder “İdman Akademiyası”nın aktivində hələ də xal yoxdur.

Dekabrın 11-də keçiriləcək növbəti oyunlarda “Azəryol” “Qarabağ”la, “İdman Akademiyası” “Azərsu” ilə qarşılaşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə