Nikola Yurçeviç: "Yaxşı nəticələr qazanmaq üçün optimist olmalıyıq"

"Beş gündür ki, toplanışdayıq. Komandadakı əhval-ruhiyyə yaxşıdır. Heyətdə bəzi oyunçular var ki, oynaya bilməyəcək. Bunlara Maksim Medvedev də əlavə olunub. Onun da oynamaq ehtimalı çox azdır. Matçlara baxanda görürük ki, son beş dəqiqədə məğlub oluruq. Bu görüşlərdə bəxtimiz də gətirməyib. Optimist olmalıyıq ki, qarşıdakı matçlarda yaxşı nəticələr olsun".

"Report"un məlumatına görə, bu fikirləri Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç Bakıda Uels yığmasına qarşı keçirəcəkləri AVRO-2020-nin seçmə oyunundan öncə mətbuat konfransında deyib.

53 yaşlı mütəxəssis bildirib ki, komandanın əsas oyunçuları sıradan çıxıb: "Onları əvəz etmək asan olmayacaq. Ümid edirəm ki, komandaya cəlb olunanlar onları layiqincə əvəz edə biləcəklər".

Xorvatiyalı məşqçi dörd oyunun analizlərinə görə ümidli olduğunu sözlərinə əlavə edib: "Uelslə səfər matçında 85 dəqiqə bir xala layiq idik. Xorvatiyadan xal aldıq. Bəhreyndə isti hava şəraitində qələbə qazandıq. Macarıstanda isə son 15-20 dəqiqə yaxşı oynadıq. Qol vurdurq, amma hakim qeydə almadı.

Yurçeviç start heyəti açıqlamamasının səbəbini də açıqlayıb: "Burada hansısa sirri qorumaq kimi fikrim yoxdur. Maksim Medvedevin durumu bəlli deyil. Qalan 9 oyunçunu həmişə demişik".

Mütəxəssis Cavid Hüseynov haqqında da fikirlərini bölüşüb. O, "Keşlə"də çıxış edən Slavik Alxasovun yığmaya çağırılmamasına da toxunub: "Cavid son oyunlarda komandaya kömək edib. Cavidin oyunlarını izləmişik. Heyəti müəyyənləşdirmək asan deyil. Seçim imkanlarımız da çox deyil. Rəşad Eyyubov klubunda oynamadığı üçün çağırmadıq. Eddi İsrafilov gələ bilmədi və Elvin Camalovu cəlb etdik. Cavid Hüseynov təcrübəli oyunçudur. Slavik Alxasovun oynadığı mövqedə çox futbolçumuz var. Amma bu o demək deyil ki, onun üzünə qapıları bağlamışıq".

Yurçeviç millidəki debütantlar Elvin Camalovla Vüsal İsgəndərlinin meydanda olmaq ehtimalından da danışıb: "Ola bilər ki, hər ikisi oynasın. Yaxud biri oynasın, ümumiyyətlə, heç biri oynamasın. Hər ikisi məşqlərdə özlərini yaxşı göstərib və onlardan razı qaldım. Vüsal pozitiv futbolçudur, sürətli reydləri ilə rəqibə narahatlıq yarada bilir. Elvin də mövqeyində aqressivdir. Onlar da digərləri ilə eyni vəziyyətdədir. Şans qazana bilərlər. Oynayıb-oynamamalarından asılı olmayaraq, gələcəyin futbolçularıdır".

Qeyd edək ki, noyabrın 16-da "Bakcell Arena"da keçiriləcək Azərbaycan - Uels matçı saat 21:00-da başlanacaq

Bütün xəbərlər Facebook səhifəmizdə