APOEL-"Qarabağ" matçı öncəsi Qurban Qurbanovun mətbuat konfransı baş tutmayıb

APOEL-"Qarabağ" matçı öncəsi Qurban Qurbanovun mətbuat konfransı baş tutmayıb

Avropa Liqasının qrup mərhələsində bu gün keçiriləcək APOEL - "Qarabağ" matçı öncəsi Qurban Qurbanovun mətbuat konfransı baş tutmayıb.

Buna Kiprdən olan jurnalistlərin mətbuat konfransına qatılmaması səbəb olub.

Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov bildirib ki, Kiprdə oyuna maraq gözlənilən səviyyədə deyil.

"APOEL-in baş məşqçisi Tomas Dollun mətbuat konfransında cəmi 6 jurnalist olub. Həmin konfrans da şəhərin əks istiqamətində, APOEL-in məşq bazasında olub. Buna görə də bir saat sonra keçirilən Qurban Qurbanovun mətbuat konfransında iştirak edə bilməyiblər", - deyə klub rəsmisi bildirib.

Qeyd edək ki, Kiprdən olan jurnalistlərin Qurbanovun mətbuat konfransına qatılmaması sosial şəbəkələrdə hörmətsizlik kimi dəyərləndirilib. Onu da əlavə edək ki, Azərbaycandan Kiprə jurnalist yollanmayıb.

Bununla belə, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda APOEL-lə sabahkı səfər oyunu öncəsi klubun mətbuat xidmətinə bildirib.

Təcrübəli mütəxəssis oyunla bağlı deyib: “Sabah rəqib həddindən artıq istəkli ola bilər. APOEL doğma meydanında oynayacaq. 90 dəqiqə eyni tempi qoruyub saxlaya və ancaq hücumda ola bilmərik. Hücumlarımız müdafiədən və əks-hücumlar üzərində ola bilər. Maksimum çalışacağıq ki, rəqibi öz meydanımızdan uzaqda qarşılayaq".

O, Kipr klubu ilə matçda diqqətli olmağa çalışacaqlarını söyləyib: "Futbolda bəzən 90 dəqiqə topa nəzarət edirsən, amma vurduğun qollar əks-hücumlardan olur. Son vaxtlar belə qollara çox rast gəlirik. Görünür ki, rəqib özünü maksimum şəkildə qələbəyə, hücumda oynamağa kökləyib. Bu da normal haldır. Biz başqa cür də gözləmirdik. Hər bir halda həm əks-hücumlarda, topa nəzarətdə, öz meydanımızda çalışacağıq ki, diqqətli olaq”.

Bütün xəbərlər Facebook səhifəmizdə