Qadın şahmatçılarımız İtaliya yığması üzərində qələbə qazanıblar

Qadın şahmatçılarımız İtaliya yığması üzərində qələbə qazanıblar

Oktyabrın 28-də Batumidə şahmat üzrə komandalar arasında Avropa çempionatının beşinci turunda qadın yığmamız İtaliya komandası üzərində qələbə qazanıb. SİA-nın məlumatına görə, şahmatçılarımızdan Ülviyyə Fətəliyeva Elena Sedina, Gülnar Məmmədova Daniela Movileanuya qalib gəliblər. Günay Məmmədzadə Marina Brunello ilə heç-heçə edib, Xanım Balacayeva isə Olqa Ziminaya məğlub olub.

Kişilərdən ibarət yığma komandamız isə beşinci turda Xorvatiya millisi ilə heç-heçə edib. Komandamızın üzvlərindən Eltac Səfərli Ante Brkiç, Rauf Məmmədov Marin Bosioçiç, Qədir Hüseynov Hrvoje Stevi ilə xalları yarı bölüblər.

Hazırda aktivində 4 qələbə və 1 məğlubiyyət olan qadın komandamız üçüncü pillədədir. Kişi şahmatçılarımızın aktivində isə 3 qələbə, 1 heç-heçə və 1 məğlubiyyət var. Komanda çempionatda altıncı pillədə qərarlaşıb.

Xatırladaq ki, Azərbaycanın kişi şahmatçıları üç dəfə - 2009-cu, 2013-cü və 2017-ci illərdə Avropa çempionu adını qazanıblar. Komandamız 2011-ci ildə gümüş, 2007-ci ildə isə bürünc medallara layiq görülüblər.

Qadın şahmatçılarımızın isə ən böyük uğuru 1992-ci ildə üçüncü yer olub.

Bütün xəbərlər Facebook səhifəmizdə