"Qarabağ" - "Səbail" oyunu olacaq

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında IX turun son oyunu keçiriləcək. SİA-nın məlumatına görə, "Qarabağ" Tofiq Bəhramov adına Respublika stadionunda "Səbail"i sınağa çəkəcək. Qarşılaşmanı Orxan Məmmədov idarə edəcək.

Hazırda 22 xalla birinci pillədə qərarlaşan Ağdam komandası ən yaxın izləyicisi "Neftçi"ni 5 xal qabaqlayır. Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv fərqi yenidən 8-ə çatdırmaq üçün mütləq qələbə qazanmalıdır. Bu, gələn tur flaqmanla səfərdə nəzərdə tutulan görüş öncəsi çox vacibdir.

10 xalla 4-cü pillədə olan "Səbail" isə qalib gəlsə, 3-cü pillədəki "Keşlə" ilə xal fərqini 2-yə endirəcək.

Bu, iki komanda arasında Premyer Liqada 10-cu qarşılaşma olacaq. Əvvəlki qarşılaşmaların yalnız 1-də "Səbail" qalib gəlib ki, bu da texniki nəticə hesabına baş verib. Qalan oyunların hamısından "Qarabağ" qalib ayrılıb. Son iki qarşılaşmada 4 cavabsız qol vurmuş ağdamlıların ümumilikdə üstünlüyü 17:1 nisbətindədir.

Qeyd edək ki, turun ilk 3 oyununda "Keşlə" evdə "Qəbələ"ni 2:1, "Neftçi" səfərdə "Sumqayıt"ı 4:2 hesabı ilə yenib, "Sabah" - "Zirə" matçında isə qalib müəyyənləşməyib - 2:2.

Azərbaycan Premyer Liqası, IX tur

28 oktyabr (bazar ertəsi)

19:00. “Qarabağ” – “Səbail”

Hakimlər: Orxan Məmmədov, Namiq Hüseynov, Vüqar Bayramov, Vüqar Həsənli

Hakim-inspektor: Ömər Paşayev

AFFA nümayəndəsi: Elbrus Abbasov

Tofiq Bəhramov adına Respublika Stadionu

Bütün xəbərlər Facebook səhifəmizdə