Güləşçilərimizin Hərbçilərin Dünya Oyunlarındakı yarışı davam edir

Çinin Uxan şəhərində Hərbçilərin Dünya Oyunları davam edir. SİA-nın məlumatına görə, oktyabrın 23-də Mikayıl Rəhmanov (67 kq) güləşdə ilk medalımızı qazanıb. Suriyalı Abdulkərim Əl-Həsən xalça üzərinə çıxmadığı üçün ilk mərhələdən azad olan həmyerlimiz 1/4 finalda fransız Mamadassa Silladan güclü olub. Yarımfinalda dünya və ikiqat Avropa çempionu Artyom Surkovla qarşılaşan M.Rəhmanov Rusiya təmsilçisinə uduzub. Təmsilçimiz bürünc medal uğrunda görüşdə gənclər arasında son dünya çempionatının gümüş medalçısı Şant Xaçatryanla üz-üzə gəlib. Yunan-Roma güləşçimiz Ermənistan idmançısı ilə prinsipial görüşdən qalib ayrılaraq Dünya Oyunlarında üçüncü yeri tutub.

Qeyd edək ki, sərbəst güləşdə Mahir Əmiraslanov (57 kq) və Ağahüseyn Musafayev (74 kq), qadın güləşində Tatyana Varansova (53 kq), eləcə də yunan-Roma güləşində Murad Bazarov (60 kq) mübarizəni medalsız başa vurublar. Daha iki yunan-Roma güləşçimiz - Həsən Əliyev (77 kq) və Rafiq Hüseynov (87 kq) isə oktyabrın 24-də xalça üzərinə çıxacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə