Azərbaycanın yığma komandası Bəhreynə yollanıb

Azərbaycanın yığma komandası Bəhreynə yollanıb

Futbol üzrə Azərbaycan milli komandası Bəhreynə yola düşüb. SİA-nın məlumatına görə, Nikola Yurçeviçin rəhbərlik etdiyi kollektiv bu gün saat 11:00-da Heydər Əliyev Beynəlxalq Aeroportundan paytaxt Manamaya uçub. Komanda təxminən 3 saat sonra təyinat nöqtəsinə çatacaq.

Səfərə 23 futbolçu ilə çıxan Azərbaycan millisi oktyabrın 9-da Bəhreyn yığması ilə yoldaşlıq oyunu keçirəcək. Bəhreyn Milli Stadionunda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:30-da start götürəcək.

Milli komanda həmin matçdan dərhal sonra AVRO-2020-nin seçmə mərhələsinin Macarıstanla oyunu üçün Budapeştə üz tutacaq. Bu rəqiblə görüş isə oktyabrın 13-də "Groupama Arena"da olacaq və saat 20:00-da başlanacaq.

Qeyd edək ki, Maksim Medvedev, Anton Krivotsyuk və Dmitri Nazarov cəzalı olduqları üçün toplanışa çağırılmayıblar. Səlahət Ağayev və Mahir Emreli isə zədəli olduqları üçün Mehdi Cənnətov və Namik Ələskərovla əvəzləniblər.

Bütün xəbərlər Facebook səhifəmizdə