“Qarabağ” Vətənə qayıdıb

Futbol üzrə UEFA Avropa Liqasının qrup mərhələsinin ikinci turunda Lüksemburqun “Düdelanj” komandasının səfərdə 4:1 hesabı ilə məğlub edən “Qarabağ” klubunun futbolçuları oktyabrın 4-də Vətənə qayıdıblar. Azərbaycan futbolunun tarixinə daha bir şərəfli səhifə yazan Ağdam təmsilçilərini Heydər Əliyev Beynəlxalq Aeroportunda futbolçuların ailə üzvləri, ölkəmizin idman ictimaiyyətinin nümayəndələri, paytaxt sakinləri, klubun azarkeşləri böyük coşqu ilə qarşılayıblar.

Səfərdə qazanılan qələbə barədə təəssüratlarını bölüşən baş məşqçi Qurban Qurbanov oyun zamanı yaşanan insidentlə bağlı deyib: “Belə hal bir dəfə də baş vermişdi. Həmişə bu cür halları qorxaqlıq adlandırıram. Belə vəziyyətlərdə insanlıq nümayiş etdirməyə çalışıram. Vacib qələbə qazandığımız üçün çox sevinirik. Komandaya və azarkeşlərə təşəkkürümü bildirirəm”.

“Qarabağ” klubunun futbolçusu Maksim Medvedev baş verən erməni təxribatı ilə bağlı danışaraq bildirib: “Təbii ki, futbolda belə çirkin hadisələrin baş verməsini istəməzdik. Oyuna çox yaxşı ab-hava ilə çıxmışdıq. Belə hadisələr istər-istəməz komandanın əhval-ruhiyyəsinə təsir edir. Buna baxmayaraq, özümüzü ələ almağı bacardıq və hadisədən sonra iki dəfə də fərqləndik. Düşünürəm ki, oyundakı nəticə ilə belə təxribatlara layiqli cavabımızı verdik”.

Bütün xəbərlər Facebook səhifəmizdə