Aydın İbrahimova Prezidentin fərdi təqaüdü təyin edilib - SƏRƏNCAM

Aydın İbrahimova Prezidentin fərdi təqaüdü təyin edilib - SƏRƏNCAM

Prezident İlham Əliyev Aydın İbrahimova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd edilir ki, Azərbaycanda idmanın inkişafında xidmətlərinə görə Aydın Əli oğlu İbrahimova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin.

Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.

Qeyd edək ki, Aydın İbrahimov 17 sentyabr 1938-ci ildə Gəncədə anadan olub. Azərbaycan SSR güləşçisi, SSRİ əməkdar idman ustası və əməkdar məşqçisi, "Neftçi" PFK-nın ilk prezidentidir (1988-1997).

1960-cı illərdə idmanın güləş növü ilə peşəkar səviyyədə məşğul olub.

1988-ci ildə Bakının "Neftçi" komandasının prezidenti vəzifəsinə gətirilib. Onun fəaliyyəti dövründə klub SSRİ çempionatının Güclülər dəstəsinə vəsiqə qazana bilməsə də, müstəqil Azərbaycanın ilk milli çempionatının qalibi olub, sonra isə daha iki dəfə ölkənin ən güclüsü adını qazanıb. 1997-ci ildə bu postu tərk edib.

Bakının "Dinamo" idman cəmiyyətinin üzvüdür.

Güləş üzrə 1963-cü il Dünya çempionu;
Güləş üzrə 1966-cı il Avropa çempionu;
Sərbəst güləş üzrə 57 kq çəki dərəcəsində 1964 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı.
1964-cü il güləş üzrə SSRİ çempionu, 1963-cü il SSRİ gümüş mükafatcısı, 1960 və 1957-ci illər SSRİ bürünc mükafatçısı.
Klub prezidenti kimi futbol üzrə Azərbaycan çempionu (1992, 1996, 1997)
Klub prezidenti kimi futbol üzrə Azərbaycan kubokunun qalibi (1995, 1996)

Bütün xəbərlər Facebook səhifəmizdə