Elis Manolova bürünc medalı uğrunda yarışacaq

Qazaxıstanın paytaxtı Nur-Sultanda güləş üzrə dünya çempionatı davam edir. SİA-nın məlumatına görə, mübarizəyə səkkizdəbir finalda qoşulan qadın güləşçimiz Elis Manolova (65 kq) hindistanlı rəqibi Kaur Navyotı "tuşe" ilə məğlub edib. Avropa çempionu dörddəbir finalda Türkiyə güləşçisi Kadriye Aksoya da qalib gələrək yarımfinala yüksəlib. Finalın bir addımlığında Rusiya idmançısı İnna Trajukova ilə görüşdən məğlub ayrılan E.Manolova sentyabrın 19-da bürünc medal üçün güləşəcək.

Çempionatda yunan-Roma güləşçilərimizdən Rafiq Hüseynov (82 kiloqram) gümüş, Eldəniz Əzizli (55 kiloqram) isə bürünc medal qazanıblar. Qadın güləşçilərin mübarizəsində isə Mariya Stadnik (50 kq) ikiqat dünya çempionu olmaqla yanaşı, “Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya əldə edib.

Qeyd edək ki, dünya çempionatında 100-dən çox ölkədən 900 güləşçi 30 dəst medal uğrunda mübarizə aparır. “Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan çempionatda güləşçilər 108 Olimpiya vəsiqəsi uğrunda yarışırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə