Səbail rayonunda güllə atıcılığı üzrə yarış keçirilib

Səbail rayonunda güllə atıcılığı üzrə yarış keçirilib

Səbail rayon Gənclər və İdman İdarəsi, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi Səbail rayon şöbəsi və Azərbaycan Respublikası Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti ilə birgə Səbail rayon məktəbləri arasında Xocalı soyqırımının on doqquzuncu ildönümü ilə bağlı ənənəvi xarakteri daşıyan güllə atıcılığı üzrə yarış keçirilib.

SİA-nın xəbərinə görə, yarışda Səbail rayonunun 15 orta məktəbinin komandası iştirak edib. 3 nəfərdən ibarət olan komandaların hər biri növbə ilə atıcılıq xəttinə çıxmış və respublikada ilk dəfə olaraq məhz Səbail rayonunda keçirilən bu yarışda müasir kiçik çaplı pnevmatik snayper tüfənglərindən istifadə etməklə hər bir üzv 5 güllədən istifadə ediblər. Yarışların gedişini Səbail rayon Gənclər və İdman İdarəsi, Respublika Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti Respublika Şurası və Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi Səbail rayon Təşkilatının nümayəndələrindən təşkil olunmuş münsiflər heyəti diqqətlə izləmiş, komandaların topladıqları xalları yoxlayaraq yarışların yekunlarını müəyyən ediblər.

Yarışlara yekun vurulduqdan sonra mükafatlandırma mərasimi keçirilib. Mərasimdə çıxış edən Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov və Azərbaycan Respublikası Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti Respublika Şurasının sədri general-mayor Novruzəli Orucov faciənin dəhşətlərindən, bu gün gənclərin vətənpərvərlik tərbiyəsində belə tədbirlərin böyük əhəmiyyəti olduğundan danışmış, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğuna diqqət və qayğısını, gənclərin hərbi-vətənpərvərlik tərbiyəsini gücləndirməyin vacibliyini daim ön plana çəkdiyini toplaşanların nəzərinə çatdırıblar.

Səbail rayonunun məktəblərinin komandalarının yarışına yekun vuran münsiflər heyətinin qərarı ilə 1-ci yerə 91 saylı orta məktəbin, 2-ci yerə 190 saylı orta məktəbin və 3-cü yerə isə 239 saylı orta məktəbin komandaları layiq görülmüş, şəxsi yarışlarda 190 saylı orta məktəbin şagirdi Əbülfəz Hüseynli birinci yeri, 239 saylı orta məktəbin şagirdi Fəridə Mustafayeva ikinci yeri və 132-134 saylı Təşsil Kompleksinin şagirdi Kəmaləddin Əliyev üçüncü yeri tutublar. Yarışda I, II və III yerləri tutmuş komandalara və ən sərrast atıcılara müvafiq dərəcəli diplomlar və qiymətli hədiyyələr təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə