Dəmiryolçuların idman spartakiadasına start verilib

Dəmiryolçuların idman spartakiadasına start verilib

Nabrandakı “Lokomotiv” İstirahət Mərkəzinin idman kompleksində 13 oktyabr – dəmir yolu işçilərinin peşə bayramına həsr olunmuş növbəti idman spartakiadası başlayıb. SİA-nın məlumatına görə, spartakiadanın açılışında çıxış edən Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin (MHRİK) sədri Fəzail Bağırov son illərdə dəmir yolunda bir sıra islahatların həyata keçirildiyin deyib. Bütün bu işlərdə MHRİK “Azərbaycan Dəmir Yolları” QSC rəhbərliyi ilə birgə fəaliyyət göstərir.

Diqqətə çatdırılıb ki, ölkəmizdə bədən tərbiyəsi və idmanın daha da inkişaf etdirilməsi istiqamətində böyük işlər görülür. Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan idman ölkəsinə çevrilir. Dəmiryolçu idmançılar da respublikamızda bədən tərbiyəsi və idman hərəkatının inkişafında mühüm rol oynayırlar.

Hər il MHİRK-in müvafiq qərarına uyğun olaraq, 13 oktyabr – dəmir yolu işçilərinin peşə bayramı ərəfəsində dəmiryolçuların spartakiadası keçirilir. Spartakiadanı açıq elan edən komitə sədri idmançılara uğurlar arzulayıb.

Sonra yarışlara start verilib. Cəmiyyətin departament və idarə kollektivlərinin komandaları idmanın voleybol, mini-futbol, stolüstü tennis, dama və şahmat üzrə yarışlarda mübarizəyə qoşulublar.

Spartakiada sentyabrın sonuna kimi davam edəcək. Dəmir yolu işçilərinin peşə bayramı ərəfəsində spartakiada qaliblərinə kuboklar, pul mükafatları və diplomlar təqdim ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə