Avropa çempionatının dörddəbir finalçıları müəyyənləşib VOLEYBOL
Macarıstan, Polşa, Slovakiya və Türkiyənin birgə ev sahibliyi etdiyi qadın voleybolçular arasında Avropa çempionatının dörddəbir finalçıları müəyyənləşib. SİA-nın xəbərinə görə, yarımfinala vəsiqə uğrunda görüşdə Serbiya millisi Bolqarıstan, Türkiyə seçməsi Hollandiya, İtaliya yığması Rusiya, Polşa komandası isə Almaniya ilə qarşılaşacaq.
Dörddəbir final mərhələsinin bütün görüşləri sentyabrın 4-də keçiriləcək. Bu mərhələnin oyunlarına Türkiyə və Polşa ev sahibliyi edəcək.
Çempionatın C qrupunda mübarizə aparan millimiz Xorvatiya, Estoniyanı 3:2, Macarıstan və Rumıniyanı 3:0 hesabı ilə məğlub edib, Hollandiya seçməsinə isə uduzub - 0:3. Azərbaycan millisi 10 xalla qrup ikincisi kimi səkkizdəbir finala yüksəlib. Millimiz növbəti mərhələdə A qrupunda üçüncü olan Bolqarıstan komandası ilə qarşılaşıb. Rəqibinə 0:3 hesabı ilə məğlub olan millimiz Avropa çempionatını 10-cu pillədə başa vurub.
Qadınların yarışında final matçı Türkiyədə, kişilərin mübarizəsində isə həlledici qarşılaşma Fransada təşkil olunacaq.
Xatırladaq ki, iki il əvvəl Azərbaycan və Gürcüstanın birgə ev sahibliyi ilə keçirilən 30-cu Avropa çempionatında qızıl medalları Serbiya voleybolçuları qazanıblar. Sonrakı yerlərdə Hollandiya, Türkiyə və Azərbaycan komandaları qərarlaşıb.
Çempionata sentyabrın 8-də yekun vurulacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB