Hər insanın taleyi malik olduğu istedada uyğun olaraq inkişaf edir. Belə insanlardan biri də Teymur İltimas oğlu Muradodur. Rəqib qapısından top keçirmə ustası - Teymur. Uşaq yaşlarından futbola olan vurğunluğu, yeniyetməlik yaşlarında cəld qaçışı və qeyri – adi mütənasib hərəkətləri ilə seçilən bu yeniyetmə tezliklə idmanın futbol sahəsi üzrə mütəxəssis, məşhur ucumçu Məmməd Məmmədovun nəzərini cəlb etdi.
Beləliklə, Teymur özünə xas olan bacarığı və fikri itiliyi sayəsində hələ yeniyetmə yaşlarından Lənkəran şəhərində olan “Spartak” komandasının yeniyetmə ehtiyat heyətində 9 nömrəli hücumçu kimi özünü layiqincə göstərdi. Müəllimindən aldığı məsləhətlərlə futbol texnikasını mükəmməlləşdirdi və bu ona çoxlu qələbələr nəsib etdi. Azərbaycanı uzun illər MDB məkanında idmanın futbol sahəsində təmsil edən Teymur Muradovu çoxminli oxucularımızla daha yaxından tanış etmək istəyirik.
Qısa arayış: Teymur İltimas oğlu Muradov 1964- cü ilin fevral ayında Liman şəhərində zəhmətkeş ailədə anadan olub. Port-İliç qəsəbəsindəki ( indiki Liman şəhəri) balıq müəssisəsində işləyən atası İltimas əmi böyük bir külfətə sahib olsa da, gənc oğlunun idman sahəsindəki istedadını nəzərə alıb, onu futbol ləvazimatları ilə təmin edirdi. Teymur öz növbəsində evdə verilən tərbiyə, gözütoxluq, heç kimin əməyindən istifadə etməməyi qarşısına məqsəd qoymaqla müəllim və valideynlərin yaxşı etimadını qazanmışdı.
Teymur, özünün gərgin əməyi sayəsində Respublikada keçirilən futbol turnirlərində komanda daxilində iştirak etmiş və gözəl nəticələrə nail olmuşdur. Bu da onun hələ gənc yaşlarında ölkədən kənarda məhşurlaşmasına və dolğun iş bacarığı almasına müsbət təsir göstərib. O, 1984-1995- ci illər arasında Türkmənistan Respublikasının “Kolxozçu” futbol klubunda komanda heyətində hücumçu kimi fəaliyyətini davam etdirib. Burada böyük uğurlar qazanıb. Çoxlu mükafatlar alıb.
Respublikaya qayıtdıqdan sonra məşqçi kimi Masallı rayonunda həvəskar futbol klubunda və “Xəzər - Lənkəran” komandasının 2- ci heyyətində fəaliyyət göstərib. Bu da həmin rayonlarda potensiallı futbolçuların yetişməsinə müsbət təsir göstərib.
Hal-hazırda Teymur Muradov doğma Liman şəhərində gənclər üçün öz vəsaiti hesabına mini stadion yaradıb və burada özünün kamil peşəsinin sirlərini gənclərə öyrədir.
Teymur Muradov futbol üzrə idman ustasıdır. AFFA- nın üzvüdür.
Biz, Liman şəhərində belə bir futbol müəlliminin, mütəxəssisinin olmasından iftixar və qürur hissi duyuruq. İnanırıq ki, limanlı gənclər tezliklə Teymur müəllimin ümidlərini doğruldacaq və Liman şəhərində çox yaxşı bir komanda yaradacaqlar. Axı bir vaxtlar Liman şəhərinin çox yaxşı futbol komandası vardı. Teymur Muradovun da çıxış etdiyi bu komanda nəinki Cənub bölgəsində, hətta respublikada tanınan bir komanda idi. Deməli, Teymur Muradovun sayəsində keçmiş uğurları geri qaytarmaq heç də uzaqda deyil.
Əlizadə ƏSƏDOV,
AJB üzvü, “Qızıl Qələm” mükafatı laureatı, SSRİ
idman ustası, Əməkdar Məşqçi, Beynəlxalq dərəcəli
hakim, Fəxri Bədən Tərbiyəsi işçisi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB