Rizvan Gənciyev: “Qazaxlar məğlubiyyətlə barışmaq istəmirlər”

Rizvan Gənciyev: “Qazaxlar məğlubiyyətlə barışmaq istəmirlər”
Bu gün "Sərhədçi" İdman Olimpiya Mərkəzində WSB liqasında mübarizə aparan "Baku Fires" və "Pohang Poseidons" klubunun rəsmilərinin və idmançılarının iştirakı ilə mətbuat konfransı keçirilib. Siasport.az saytı xəbər verir ki, görüşün supervayzeri yarış haqda bir daha qısa məlumat verdikdən sonra idmançılar çəki prosesinə dəvət olunublar.
Qeyd edək ki, komandamızın heyətində Maqomed Əbdülhəmidov (54 kq), Semyon Qrivaçyov (61 kq), Osman Əliyev (73 kq), Rizvan Əlimuradov (85 kq) və Əbdülkadir Abdullayev (91+kq) mübarizə aparacaqlar. Koreya klubu isə döyüşə Lukaş Maşçik (54kq), Bahodirjon Sultonov (61 kq), Viktor Kotijanski (73 kq), Abdelxafid Bençabla (85 kq) və Çouaib Bulodinasla (91+kq) çıxacaq.
"Baku Fires" baş meneceri Rizvan Gənciyev Qazaxıstan mətbuatında "Astana Arlans"ın baş meneceri Bolat Mankenovun "Bakıda bizə qarşı ədalətsizlik oldu. Nizam-intizam Komitəsinə müraciət etmişik" fikrinə münasibət bildirdi. Gənciyev bütün bunların əsassız olduğunu və komandamızın rəqibdən güclü olduğunu qeyd etdi: "İndiyədək 3 dəfə onlarla görüşmüşük, hər dəfə də qələbə bizim tərəfimizdə olub. Qazaxlar məğlubiyyətlə barışmaq istəmirlər. Onlar anlayıblar ki, pley-off mərhələsindən kənarda qala bilərlər, ona görə də belə yollara əl atırlar. Fevralın 24-də Lozzanada WSB-nin bununla bağlı qərarı açıqlanacaq. İnanırıq ki, Nizam-İntizam Komitəsi məsələyə obyektiv qiymət verəcək". Qeyd edək ki, fevralın 24-də "Baku Fires" komandasının da şikayətinə baxılacaq. Belə ki, yanvarın 29-da Çinin Makao şəhərində keçirilmiş döyüşdə komandamız "Beijing Dragons" klubunu 3:2 hesabı ilə məğlub etmişdi. Gənciyevin fikrincə, həmin döyüşdə komandamızın 2 boksçusuna qarşı ədalətsizlik olub.
Koreya klubunun baş məşqçisi Mars Kuçkaryov "Baku Fires"in qələbə yürüşünü dayandırmağa çalışacaqlarını bildirdi: "Turnir cədvəlində sonuncu yeri tuturuq. Odur ki, bizə mütləq qələbə gərəkdir".

Bütün xəbərlər Facebook səhifəmizdə