"Neftçi"nin oyununu fransalı hakimlər idarə edəcək

"Neftçi"nin oyununu fransalı hakimlər idarə edəcək

Neftçi” – “Bney Yehuda” matçının təyinatları açıqlanıb. SİA-nın xəbərinə görə, UEFA oyunu Fransadan olan hakimlər briqadasına tapşırıb. Baş hakim Kərim Abed olacaq. Ona Hiçam Zakrani və Mikael Berçebru kömək edəcəklər. Dördüncü hakim funksiyasını Floran Batta yerinə yetirəcək. UEFA nümayəndəsi rumıniyalı İonel Piskanu, hakim-inspektor isə norveçli Kyell Alset olacaq.

31 yaşlı Kərim Abedin beynəlxalq təcrübəsi elə də zəngin deyil. Gənc referi ötən ildən FIFA dərəcəsini daşıyır və iki il ərzində 9 beynəlxalq matçda baş hakim olub. Həmin görüşlərdən 8-i aşağı yaş qrupu üzrə yığmaların, biri isə ötən mövsüm Avropa Liqasının 2-ci təsnifat mərhələsinə təsadüf edib. Abed ilk dəfə Azərbaycan təmsilçisinin oyununda fit çalacaq. Ancaq o, iki dəfə komandalarımızın oyununda hakimlər briqadasının tərkibində yer alıb. Fransalı ötən il sentyabrın 20-də, Avropa Liqasının qrup mərhələsində "Sportinq" (Portuqaliya) - "Qarabağ" (2:0) və noyabrın 20-də, Millətlər Liqası çərçivəsində Kosovo - Azərbayan (4:0) görüşündə əlavə köməkçi hakim funksiyasını yerinə yetirib.
Qeyd edək ki, avqustun 8-də "Bakcell Arena”da keçiriləcək "Neftçi” - "Bney Yehuda” oyunu saat 21.00-da başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə