Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində “Beynəlxalq Ordu Oyunları–2019” çərçivəsində Bakıda təşkil edilən “Dəniz kuboku-2019” beynəlxalq yarışlarının təntənəli açılış mərasimi keçirilib. Açılış mərasimində Müdafiə Nazirliyinin rəhbərliyi, veteranlar, hərbçilər, iştirakçı dövlətlərdən başqa, müşahidəçi qismində Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı, Bəhreyn və Birləşmiş Ərəb Əmirliklərinin Silahlı qüvvələrinin nümayəndələri, xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş hərbi attaşeləri və digər qonaqlar iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, mərasimin aparıcıları Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani, Rəna Qurbanova və Mixail Sklyamin Azərbaycanda keçirilən bu yarışın əhəmiyyətini yüksək dəyərləndiriblər. Aparıcılar “Dəniz kuboku-2019”un Xəzəryanı ölkələr arasında əməkdaşlığın inkişafında rolundan danışıblar.
Sonra “Dəniz kuboku-2019” müsabiqəsinin hakimlər briqadası və komandalar mərasimə dəvət olunub.
Müsabiqə iştirakçıları - Rusiya Federasiyası Xəzər flotiliyasının, İran İslam Respublikasının, Qazaxıstan Respublikasının və Azərbaycan Respublikasının Hərbi Dəniz qüvvələrinin komandaları dövlət bayraqları altında və hərbi orkestrin müşayiəti ilə meydana daxil olublar. Mərasimdə müsabiqəyə ev sahibliyi edən Azərbaycanın dövlət himni ifa edilib, üçrəngli bayrağı qaldırılıb.
Beynəlxalq Ordu Oyunlarının və “Dəniz kuboku-2019” müsabiqəsinin bayraqları mərasimə gətirilib. Sonra Beynəlxalq Ordu Oyunlarının və “Dəniz kuboku-2019” müsabiqəsinin bayraqları dalğalandırılıb. Daha sonra “Dəniz kuboku-2019” müsabiqəsinin baş mükafatı - kubok meydana gətirilib.
Azərbaycan Respublikası Müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev mərasim iştirakçılarını və qonaqları salamlayıb, onlara Müdafiə nazirinin təbrikini çatdırıb. Kərim Vəliyev bildirib ki, Beynəlxalq Ordu Oyunları hərbi əməkdaşlığın, hərbçilər arasında dostluğun möhkəmləndirilməsi, peşəkarlığın daha da artırılması məqsədinə xidmət edir. Azərbaycan Ordusu Rusiya Federasiyası Müdafiə Nazirliyinin təşəbbüsünə qoşularaq müxtəlif yarışlarda uğurla iştirak edir. Hər il bu yarışlara maraq artır və onun coğrafiyası daha da genişlənir. Builki Beynəlxalq Ordu Oyunları 10 dövlətin ərazisində, eləcə də Azərbaycanda keçirilir. 32 müsabiqədə 5 mindən artıq hərbçi gücünü sınayır.
Kərim Vəliyev “Dəniz kuboku” beynəlxalq müsabiqəsini açıq elan edib. Mərasimdə incəsənət ustalarının, Həzi Aslanov adına Ordu-İdeoloji və Mədəniyyət Mərkəzinin kollektivinin, iştirakçı ölkələrin və Rusiya Federasiyasının mahnı və rəqs ansambllarının iştirakı ilə teatrlaşdırılmış kütləvi bədii proqram təqdim olunub.
“Dəniz kuboku-2019” beynəlxalq yarışlarının açılışına həsr olunmuş təntənəli mərasimin ssenari müəllifi və quruluşçu rejissoru Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbanidir.
“Dəniz kuboku-2019”-da hərbi dənizçilər “Artilleriya atışlarının yerinə yetirilməsi”, “Gəminin dayanıqlığı uğrunda mübarizə və xilasetmə hazırlığı” və “Dəniz hazırlığı” üzrə mərhələlərdə güclərini sınayaraq ən yaxşı heyətləri müəyyənləşdirəcəklər. Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı, Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri Silahlı Qüvvələrinin nümayəndələri “Dəniz kuboku - 2019” müsabiqəsində müşahidəçi qismində iştirak edirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB