"Qarabağ" və "Neftçi"nin Avroliqadakı rəqibləri açıqlanıb

"Qarabağ" və "Neftçi"nin Avroliqadakı rəqibləri açıqlanıb

Futbol üzrə Avropa Liqasının pley-off mərhələsinin püşkü atılıb. UEFA-nın Nyondakı qərargahında keçirilən tədbirdə Avroliqadakı təmsilçisimiz "Neftçi"nin və Çempionlar Liqasında mübarizə aparan “Qarabağ”ın Avroliqanın pley-offdakı potensial rəqibləri məlum olub. Belə ki, "Ağ-qaralar" 3-cü mərhələdə İsrailin "Bney Yehuda" klubunu mübarizədən kənarlaşdırsa, pley-offda "Malmö" (İsveç) - "Jrinski" (Bosniya və Herseqovina) cütünün qalibi ilə qarşılaşacaq. Paytaxt təmsilçisi pley-offa çıxsa, ilk matçını səfərdə keçirəcək.

Digər bir təmsilçimiz "Qarabağ" da, UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində APOEL səddini keçə bilməsə, yoluna Avropa Liqasının pley-off mərhələsində davam edəcək. UEFA-nın rəsmi saytında yer alan məlumata görə, artıq Ağdam təmsilçisinin qitənin ikinci dərəcəli klub turnirindəki potensial rəqibləri də müəyyənləşib.

Qurban Qurbanovun komandası Kipr klubuna məğlub olsa, Avroliqanın pley-off mərhələsində "Sutyeska" (Çernoqoriya) - "Linfild" (Şimali İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq. "Qarabağ" Avroliqaya düşsə, ilk oyununu səfərdə keçirəcək. Qeyd edək ki, Avropa Liqasında pley-off mərhələsinin oyunları avqustun 22-də və 29-da keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə