2012-ci ilə Londonda keçiriləcək yay Olimpiadasının Təşkilat Komitəsi yarışların cədvəlini və biletlərin qiymətlərini açıqlayıb.
SİA-nın xəbərinə görə, gələn il iyulun 27-dən avqustun 12-dək keçiriləcək Olimpiadanın 26 idman növü üzrə yarışlarına qiyməti 20-2000 funt sterlinq civarında olan cəmi 8,8 milyon bilet satılacaqdır. Biletlər Oyunların açılış mərasimindən 500 gün əvvəl - martın 15-də satışa çıxarılacaqdır. Biletlərin hər birinə seçilmiş yarışın keçirildiyi gün şəhərdə nəqliyyat vasitələrindən pulsuz istifadə daxildir. Bundan əlavə, təşkilatçılar hər hansı konkret idman növü ilə maraqlanmayan, final yarışlarını izləmək həsrətində olmayan, lakin sadəcə oyunların ab-havası ilə nəfəs almaq istəyən insanlar üçün xüsusi proqramlar, gənclər və ahıllar üçün, habelə ailəvi istirahət üçün maraqlı təkliflər hazırlamışlar.
Açıq səma altında keçirilən bəzi yarışları, məsələn, marafon, triatlon və velosiped yürüşlərini pulsuz izləmək mümkün olacaqdır. London Olimpiadasının açılış mərasimi iyulun 27-də olacaqdır. Açılış mərasiminə biletlərin qiyməti 20-2000 funt sterlinq civarında olacaqdır. Təşkilatçılar bildirirlər ki, biletlərin 90 faizinin qiyməti 100 funt sterlinqdən aşağı olacaqdır. İstənilən idman növü üzrə yarışlara ən ucuz bilet isə (2,5 milyon ədəd) cəmi 20 funt sterlinqə başa gələcəkdir.
2012-ci il Olimpiadasının yarış proqramı qadınlar arasında futbol turnirinin üç görüşü ilə açılacaqdır. Qrup mərhələsinin görüşləri rəsmi açılış mərasimindən 2 gün əvvəl Qlazqo, Kardiff və Koventridə keçiriləcəkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə