"Bizi ilk görüşdəkindən daha çətin oyun gözləyir. Rəqib də fərqli oyun göstərməyə çalışacaq. "Arsenal” çox güclü komandadır. Bunu ilk oyunda da göstərdilər. Sonadək mübarizə aparıb, nəticəni dəyişməyə cəhd etdilər. İlk dəqiqələrdən axıra qədər diqqətli oynamalıyıq."
Bu sözləri UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində "Arsenal” (Tula, Rusiya) ilə qarşılaşacaq Bakının "Neftçi"nin baş məşqçisi Roberto Bordin iyulun 31-də təşkil olunan mətbuat konfransında deyib. İtaliyalı mütəxəssis bildirib ki, mərhələ adladığımızı düşünmək hələ tezdir. Tula təmsilçisi ciddi rəqibdir və Bakıya qarşılaşmanın taleyini həll etmək üçün gəlib. Təbii ki, ilk oyundan sonra cüzi üstünlüyümüz var.
"Sabah doğma azarkeşlərimizin qarşısında mübarizə aparacağıq. İstədiyimiz nəticəni qazanmaq üçün sonadək çalışmalıyıq. Rəqib ilk dəqiqələrdən hesabı xeyrinə dəyişməyə çalışacaq. Meydana çıxanda bir həftə əvvəlki nəticəni unutmalıyıq. Bugünkü məşqdən sonra start heyəti müəyyənləşdirəcəyik. Baqali Dabo hələ tam hazır deyil. Amma çox şadam ki, bərpa prosesi sürətlə gedir. Hazır olan kimi ondan faydalanacağıq. Oyun praktikası "Arsenal” üçün üstünlükdür. Amma bunun bizim üçün də üstün tərəfi var. Çünki çempionat oyunu keçirmirik və bərpa üçün kifayət qədər vaxtımız olub. Futbolçularıma inamım böyükdür. Məqsədimiz 1:0 hesabını qorumaq olmayacaq”, - deyə R.Bordin əlavə edib.
"Neftçi"nin futbolçusu Rəhman Hacıyev deyib: "Çətin oyun olacaq. Bu görüşə ciddi hazırlaşmışıq. Ümid edirəm, sabah qalib gələcəyik. Komandada əla ab-hava var. Sabahkı oyunu səbirsizliklə gözləyirik”.
Konfransdan sonra komandamızın ilk 15 dəqiqəsi media nümayəndələri üçün açıq olan məşqi baş tutub.
Komandalar arasında Tulada təşkil olunan ilk oyunda Bakı təmsilçisi 1:0 hesabı ilə qalib gəlib. Cavab görüşü isə avqustun 1-də saat 21:00-da "Bakcell Arena"da start götürəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB