Son illərdə dünyanın ən baxımlı futbol çempionatı statusuna yiyələnən İngiltərə Premyer Liqası yenə də Azərbaycan Televiziyası və "İdman Azərbaycan" kanalında yayımlanacaq. SİA-nın AzTV-yə istinadən məlumatına görə, Azərbaycan Televiziyası və İdman Azərbaycan kanalı növbəti mövsüm üçün İngiltərə Premyer Liqasının eksklüziv yayım hüququna yiyələnib.
Beləliklə avqustun 9-da start götürəcək dünyanın ən nüfuzlu və baxımlı futbol çempionatının hər turunun ən maraqlı qarşılaşmaları telekanalımızda canlı yayımlanacaq. Premyer Liqa həvəskarlarını sevindirəcək daha bir məqam ondan ibarətdir ki, yeni müqaviləyə əsasən kanalımızın daha çox oyun yayımlamaq imkanı var. Bundan başqa çempionata həsr olunan xüsusi jurnalların hamısı tamaşaçılara təqdim olunacaq.
Qeyd edək ki, futbol həvəskarlarının yeni mövsümdə İngiltərə çempionatının oyunlarını izləmək imkanı xeyli məhdudlaşmışdı. Çünki bir çox ölkələrdə Premyer Liqa və digər çempionatların oyunları ödənişli olaraq yayımlanır. Hətta Rusiya və Türkiyədə belə oyunları yalnız müəyyən məbləğdə xidmət haqqı ödəyərək izləmək mümkündür. Bütün bu amilləri nəzərə alaraq "İdman Azərbaycan" kanalının ölkəmizdə İngiltərə premyer Liqası oyunlarını açıq şəkildə yayımlaması futbol həvəskarlarına böyük töhfədir. Odur ki, gərginliyi və mötəbərliyinə görə digər futbol çempionatlarını geridə qoyan İngiltərə premyer liqasını azarkeşlər yeni mövsümdə də əvvəlki kimi HD keyfiyyətdə Azərbaycan Televiziyası və "İdman Azərbaycan" kanalında izləyəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB