Avropa Gənclər Yay Olimpiya Festivalının Əməliyyat Komitəsi son mətbuat konfransı keçirib FOTOLAR

Avropa Gənclər Yay Olimpiya Festivalının Əməliyyat Komitəsi son mətbuat konfransı keçirib FOTOLAR

İyulun 27-də Avropa Gənclər Yay Olimpiya Festivalının Əməliyyat Komitəsi son mətbuat konfransı keçirib.

SİA-nın verdiyi xəbərə görə, mətbuat konfransında Gənclər və İdman naziri Azad Rəhimov, Avropa Olimpiya Komitələrinin vitse-prezidenti Nils Nayqard və Serbia Olimpiya Komitəsinin baş katibi Corce Vişatski iştirak ediblər.

Yarışlarda iştirak edən idmançıların və qonaqların rəylərinə əsaslanan Azad Rəhimov bildirib ki, yarışlar uğurla həyata keçir və artıq 135 təltifetmə mərasimindən 115-i yekunlaşıb. Medal sıralanmasında Rusiya komandasının lider olduğu vurğulanmaqla yanaşı, Azərbaycan idmançılarının da Festivalı 48 iştirakçı ölkə arasında ikinci pillədə başa vurmağa yaxındır.

" Festival boyunca biz sadəcə yeniyetmələr deyil, əzmkarlığı, zəhmətləri ilə demək olar ki, olimpiya çempionlarından heç də geri qalmayan peşəkar idmançılar gördük. Ümid edirəm ki, bu Festival onları gələcəkdə daha böyük nailiyyətlər üçün ruhlandıracaq, həvəsləndirəcək. İnanıram ki, bütün qonaqlar yarışlardan, ölkəmizdən xoş təəssüratlarla ayrılır. Mən onların hər birinə təhlükəsiz, sağ-salamat geri dönüş arzu edirəm",-deyib, Azad Rəhimov.

Nazir oyunlara tamaşaçı marağının gözləndiyindən çox olduğunu, həndbol, atletika, üzgüçülük yarışlarına gündəlik sessiyalarda nəzərdə tutulan bütün biletlərin satıldığını, güləş, cüdo və gimnastika yarışlarında isə hətta nəzərdə tutulandan əlavə yerlər açmalı olduqlarını deyib.

Media nümayəndələrinin rolunu da xüsusi vurğulayan Azad Rəhimov idman obyektlərində hər gün orta hesabla 110-120 jurnalistin yarışlasrı işıqlandırdığını məmnunluq hissi ilə bildirib. Azad Rəhmovun sözlərinə görə, yarışla paralel olaraq "Olimpiya Mədəniyyəti və Təhsil Proqramı", "Yeni Liderlərin İdman Liderliyi Proqramı" və "Dopinqdən istifadəyə qarşı monitorinq proqramı" layihələrinin həyata keçirilməsi də mühüm məqamlardandır.

Mətbuat konfransında iştirak edən Avropa Olimpiya Komitələrinin vitse-prezidenti Nils Nayqard çıxışında Festivalı olduqca yüksək səviyyədə təşkil etdiyinə görə Azərbaycan tərəfinə təşəkkürlərini çatdırıb, Bakı turnirinin gənclərin idman yarışı tarixində özəl yer tutacağını bildirib.

Serbia Olimpiya Komitəsinin baş katibi Corce Vişatski də bildirib ki, "Bu yarış həm də onu göstərdi ki, sizin gələcəyi parlaq çox atletləriniz var. Bakıdan çox gözəl hisslərlə ayrılırıq."

Konfransın yekununda jurnalistlərin sualları cavablandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə