Zidan: "Heç kimə hörmətsizlik etməmişəm"

"Real"ın baş məşqçisi Zinəddin Zidan Qaret Beylə hörmətsizlik etdiyi iddialarına münasibət bildirib. İspaniya mətbuatının yazdığına görə, fransalı mütəxəssis bunu təkzib edib. O, heç kimə hörmətsizlik etmədiyini söyləyib:

"Beyl barədə açıq danışacağam. İlk növbədə, heç kimə hörmətsizlik etməmişəm, xüsusilə də bir oyunçuya. Həmişə eyni şeyi söyləmişəm. Futbolçular mənim üçün çox önəmlidir və hər zaman onların yanındayam. İkincisi, klubun onunla yolları ayırmaq istədiyini söylədim. Qaret "Bavariya" ilə matçda özü istəmədiyi üçün oynamadı. Klubun onunla yolları ayırmağa hazırlaşdığını, buna görə də oynamağı düşünmədiyini bildirdi".

Qeyd edək ki, Zidan Beynəlxalq Çempionlar kubokunda "Bavariya" ilə oyundan sonra Beylin "Real"dan ayrılacağına ümid etdiyini və bunun hər iki tərəf üçün yaxşı olacağını söyləyib. Bu açıqlamadan sonra uelsli hücumçunun agenti Conatan Bernatt Zidanın oyunçuya hörmət etmədiyini bildirmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə