AOK: Avropanın güclü yeniyetmə idmançıları Bakıda mübarizəyə hazırdırlar

Avropa Olimpiya Komitəsinin (AOK) rəsmi saytında iyulun 21-27-də Bakıda keçiriləcək XV Avropa Gənclər Yay Olimpiya Festivalı barədə məqalə yerləşdirilib.

SİA xəbər verir ki, məqalədə Avropanın 48 ölkəsindən 14-18 yaşlı 3900 yeniyetmə idmançının mübarizə aparacağı və Azərbaycanın irimiqyaslı yarışlara yüksək səviyyədə təşkilatçılıq bacarığına malik olduğu qeyd edilib.

Məqalədə deyilir: “Bakı 2015-ci ildə ilk Avropa Oyunlarına müvəffəqiyyətlə ev sahibliyi edib. Həmçinin Azərbaycanın paytaxtında 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunları uğurla təşkil olunub. 2016-cı ildən Formula 1 yarışları Bakıda yüksək səviyyədə keçirilir. Festivalın keçiriləcəyi 12 idman arenası oyunları qəbul etməyə hazırdır”.

Məqalədə ecazkar Bakının öz qonaqlarını yüksək səviyyədə qəbulundan, atletlərin, nümayəndə heyətlərinin və media işçilərinin ictimai nəqliyyatdan ödənişsiz istifadə edəcəklərindən söz açılıb.

Avropa Gənclər Yay Olimpiya Festivalının tarixi barədə məlumatın verildiyi yazıda məşhur idmançıların yarışa qonaq qismində qatıldıqları vurğulanır.

Qeyd edək ki, “Bakı 2019”da Azərbaycanı 122 idmançı təmsil edəcək. Heyətdə güləşçilər və yüngül atletlər sayca üstünlük təşkil edirlər. “Bakı 2019”da atletlər idmanın 10 növü - gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş üzrə yarışlarda qüvvələrini sınayacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə