Azərbaycan yığması beynəlxalq turnirin qalibi olub

Azərbaycan yığması beynəlxalq turnirin qalibi olub

Bakıda keçirilən futzal üzrə 4-cü beynəlxalq turnirə yekun vurulub.

SİA-nın məlumatına görə, turnirdə Azərbaycan, Ukrayna, Latviya və Özbəkistan milli komandaları qalib adı uğrunda mübarizə aparıblar.

Bakı İdman Sarayında keçirilən yarışın sonuncu günündə -fevralın 8-də ilk oyun Latviya və Özbəkistan komandaları arasında keçirilib. Oyun 6:3 hesabı ilə Özbəkistan futzalçılarının xeyrinə başa çatıb.

Azərbaycan və Ukrayna yığmalarının gərgin idman mübarizəsi şəraitində keçən görüşünün ilk hissəsi 2:0 hesabı ilə Azərbaycan millisinin xeyrinə başa çatıb. Azərbaycan yığmasının heyətində qolları Serjao və Rizvan Fərzəliyev vurublar. Futzalçılarımız ikinci hissədə də üstünlüyü əldən verməmiş, rəqib komandanın qapısından daha bir top keçiriblər. Bu dəfə Biro Jade fərqlənib.

Beləliklə, oyun 3:0 hesabı ilə Azərbaycan millisinin xeyrinə başa çatıb və yığmamız turnirin qalibi olub. Ukrayna yığması ikinci, Özbəkistan millisi isə üçüncü yeri tutub.

Komandalara diplomlar və xatirə hədiyyələri, Azərbaycan millisinə isə kubok təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə