Taekvando üzrə yeniyetmələrdən ibarət seçmə komandamız İsveçdən 8 medalla qayıdır. Siasport.az saytı xəbər verir ki, Dünya Taekvondo Federasiyası (WTF) və Avropa Taekvondo Birliyinin (ETU) "A" dərəcəli XX "Trelleborq Open" beynəlxalq turnirinin bu yaş qrupu üzrə yarışlarında ilk dəfə iştirak edən idmançılarımız 3 qızıl, 2 gümüş və 3 bürünc mükafat qazanıblar. Yarışın bir final görüşü (-33 kq) yalnız Azərbaycan taekvondoçuları arasında olub.
Anar Mehtiyev (-33 kq), Babək Əjdərli (-37 kq) və Aliyə Zeynalova (-29 kq) qızıl medallara sahib olublar. Tağı Tağızadə (-33 kq) ilə Leyla Cəfərova (-33 kq) isə gümüş medal qazanıblar. Uğurla çıxış edən digər taekvondoçularımız Mahmud Həsənov (-41 kq), Nicat Fərəcov (-53 kq) və Mirxanım Ağayeva (-41 kq) 3-cü yeri tutublar. On üç idmançımızdan daha üç nəfəri isə ən azı bürünc medal şansını əldən verib. Belə ki, Yusif Hüseynli (-49 kq) kiprli idmançıdan 5 xal irəlidə olduğu halda cərimələnərək, Günel Eyvazova (-37 kq) ilə koreyalı legioner Kim Vonkyunq isə (-67 kq, böyüklər) xal fərqi ilə məğlub olaraq mübarizədən mükafatsız ayrılıblar.
Qeyd edək ki, ənənəvi turnirdə bu dəfə 41 ölkədən 150 komandanın heyətində 1000-dən artıq idmançı mübarizə aparıb. Yeniyetmələrin baş məşqçisi, respublikanın əməkdar məşqçisi Məmməd Abdullayevin rəhbərlik etdiyi yeni heyətdən ibarət seçmə komandamız, bu göstərici ilə "Trelleborq Open"i ən yüksək nəticə göstərən komandalar arasında başa vurub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB