Tarixində keçirdiyi 56 görüşün hamısında uduzan Lixteşteyn 57-ci oyununda Azərbaycan millisinə qalib gəlib
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsinə başlayıb.
SİA xəbər verir ki, AVRO-2021-ə vəsiqə uğrunda 2-ci qrupda mübarizə aparan yığmamız start oyununda Lixtenşteynlə görüşüb.
Millimiz Eşen Mauren şəhərinin stadionuna yeni baş məşqçisi Milan Obradoviçin rəhbərliyi altında çıxıb. Bu, serbiyalı mütəxəssisin komandamızda ilk rəsmi matçı olub.
Millimiz səfərdə oynasa da, matçın aşkar favoriti sayılırdı. Çünki Lixtenşteyn U-21 yığması tarixi ərzində nəinki qələbə, heç xal qazanmayıb. Avropa çempionatlarının seçmə mərhələlərində 56 oyun keçirən komanda bütün görüşlərdə uduzub.
Lakin Azərbaycan millisi bu "cırtdan ölkə"nin tarixinə düşüb. İlk xal arzusunda olan Lixtenşteyn nəinki uduzmayıb, hətta qələbə qazanıb.
10-cu dəqiqədə Frikin penaltidən vurduğu top meydan sahiblərinə tarixi qələbə qazandırıb. Düzdür, komandamızın buraxılan qoldan sonra məğlubiyyətdən qaçmaq üçün 80 dəqiqə vaxtı olsa da nə millimizin göstərdiyi oyunun, nə də M.Obradoviçin əvəzetmələrinin buna gücü çatmayıb. Nəticədə yığmamız “əcdadları” kimi Lixtenşteyndə növbəti fiaskosunu yaşayıb. Belə ki, 1998-ci ildə əsas yığmamız da Vadutsda 1:2 hesabı ilə uduzaraq, rəqibin seçmə mərhələlərdəki ilk qələbəsinə səbəb olmuşdu.
Qeyd edək ki, Azərbaycan və Lixtenşteynin yer aldığı 2-ci qrupda Fransa, İsveçrə, Slovakiya və Gürcüstan yığmaları da mübarizə aparır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB