"Çelsi" Bakıda "Arsenal"ı darmadağın edərək AL-in qalibi oldu - YENİLƏNİB

"Çelsi" Bakıda "Arsenal"ı darmadağın edərək AL-in qalibi oldu - YENİLƏNİB

Bakı Olimpiya Stadionunda UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün final qarşılaşması keçirilib. SİA-nın məlumatına görə, final görüşündə Londonun “Çelsi” və “Arsenal” komandaları qarşılaşıblar.

Nominal ev sahibinin - “Çelsi”nin start heyətində meydana Kepa Arrisabalaqa (1), Sezar Aspilikueta (28), Andreas Kristiensen (27), David Luis (30), Emerson Palmieri (33), Mateo Kovaçiç (17), Jorjinyo (5), Nqolo Kante (7), Pedro Rodriqes (11), Oliviye Jiru (18) və Eden Hazard (10) meydana çıxıblar.

“Arsenal” klubunun start heyətində isə Petr Çex (q), Sead Kolaşinats (31), Loran Koselni (6), Sokratis Papastatopulos (5), Naço Monreal (18), Enzli Meytlend-Naylz (15), Qranit Xaka (34), Lukas Torreyra (11), Pyer-Emerik Obameyanq (14), Mesut Özil (10) və Aleksandr Lakezet (9) yer alıblar.

Oyunu italiyalı referi Canluka Rokki idarə edib. Avropa Liqası tarixində ilk dəfə bu oyunda videonəzarət (VAR) sistemindən istifadə olunub. Bundan başqa, bu turnirdə ilk dəfə olaraq komandalar dördüncü əvəzləmədən istifadə edə bilərdilər. Əgər matçın əsas vaxtında qalib müəyyənləşməsəydi və əlavə vaxt təyin olunsaydı, komandalar dördüncü əvəzetmədən istifadə edəcəkdilər.

Görüşdə ilk təhlükəli vəziyyəti matçın 9-cu dəqiqəsində “Arsenal” futbolçuları yaradıblar. Sağ cinahdan başlanan hücumda Enzli Meytlend-Naylzın rəqibin qapıçı meydançasına ötürdüyü topu qolkiper dəf etsə də, özünü yetirən Məsud Özilin vurduğu top qapıdan bir qədər aralı keçib.

Matçın 28-ci dəqiqəsində “Arsenal”ın hücumçusu Aleksandr Lakazetin komanda yoldaşı Obameyanqın ideal hava ötürməsini başla dəqiq tamamlamasına son anda müdafiəçi mane olub. Hücumu davam etdirən Qranit Xakanın qüvvətli zərbəsindən sonra top bir qədər qapının üstündən keçib.

Bu hücumdan sonra sürətli əks-hücuma keçən “Çelsi” futbolçuları təhlükəli vəziyyət yaradıblar. “Topçular”ın cərimə meydançasına ötürülən topa Sezar Azpilikueta qüvvətli zərbə vursa da, müdafiəçi Sokratis Papastatopulos təhlükəni sovuşdurub.

Qarşılaşmanın 34-cü dəqiqəsində isə “Çelsi”nin hücumçusu Emerson Palmierinin yaxın məsafədən qüvvətli zərbəsini qapıçı Petr Çex dəf edib. Beş dəqiqə sonra çexiyalı qapıçı Oliver Jirunun qüvvətli zərbəsini çətinliklə dəf edərək komandasını qoldan xilas edib.

Birinci hissənin qalan dəqiqələrində də qol vurulmayıb və komandalar fasiləyə qolsuz heç-heçə ilə yollanıblar.

İkinci hissəyə "Çelsi" uğurlu başlayıb. Oyunun 49-cu dəqiqəsində Olivye Jiru baş zərbəsi ilə topu qapıdan keçirib və komandasını hesabda önə çıxarıb.

Matçın 60-cı dəqiqəsində isə Pedro Rodriges oyunda komandasının ikinci qoluna imza atıb. Qarşılaşmada "Çelsi" 2:0 hesabı ilə önə çıxıb.

Bundan 5 dəqiqə sonra "Arsenal"ın qapısına təyin olunmuş penaltini Eden Hazard qola çevirib və "Çelsi" hesabdakı üstünlüyünü 3 qola çatdırıb.

Görüşün 69-cu dəqiqəsində "Arsenal"ın futbolçusu Ayvobi qollardan birinin əvəzini çıxa bilib.

Oyunun 72-ci dəqiqəsində isə Eden Hazard qarşılaşmada özünün 2-ci, komandasının 4-cü qolunu vurub - 4:1.

Qarşılaşma bu hesabla da başa çatıb və "Çelsi" ikinci dəfə UEFA Avropa Liqasının qalibi adını qazanıb.

Xatırladaq ki, “Çelsi” 2012-2013-cü il mövsümündə də UEFA Avropa Liqasının qalibi olub.

"Arsenal” isə tarixində heç vaxt UEFA Avropa Liqasının kubokuna sahib ola bilməyib

Avropa Liqası

Final
29 may
23:00. "Çelsi" (İngiltərə) - "Arsenal" (İngiltərə) - 4:1
Qol:
Oliviye Jiru, 49 (1:0), Pedro, 60 (2:0), Eden Hazard, 65-pen. (3:0), Ayvobi, 69 (3:1), Eden Hazard, 72 (4:1)
Baş hakim: Canluka Rokki (İtaliya)
Bakı Olimpiya Stadionu

Bütün xəbərlər Facebook səhifəmizdə