“Böyük dəbilqə” turnirində cüdoçularımız daha 3 medal qazanıblar

“Böyük dəbilqə” turnirində cüdoçularımız daha 3 medal qazanıblar

Bakıda keçirilən Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan cüdo üzrə “Böyük dəbilqə” beynəlxalq turnirinin ikinci günündə - mayın 11-də Azərbaycan cüdoçuları bir qızıl və iki bürünc medal qazanıblar. SİA-nın məlumatına görə, qızıl medalı ölkəmizin aktivinə 73 kiloqram çəki dərəcəsində mübarizə aparan Hidayət Heydərov yazdırıb. Finala gedən yolda özbəkistanlı Obidxon Nomonov, Macarıstan təmsilçisi Friqiyes Zaboyu, rusiyalı Dmitri Yartsevi məğlub edən idmançımız yarımfinalda komanda yoldaşı Rüstəm Orucova qalib gələrək finala yüksəlib. İdmançımız həlledici görüşdə israilli Tohar Butbulu məğlub edərək “Böyük dəbilqə” turnirinin qalibi olub.

R.Orucov isə üçüncü yer uğrunda görüşdə Kosovo təmsilçisi Akil Qjakova qalib gələrək bürünc medala layiq görülüb.

Eyni çəki dərəcəsində daha bir idmançımız Telman Vəliyev bürünc medal qazanıb. O, həlledici qarşılaşmada rusiyalı Denis Yartsevə qalib gəlib.

Qeyd edək ki, yarışların ilk günü Azərbaycan komandasının aktivinə Nicat Şıxəliyev (66 kq) gümüş medal yazdırıb.

Turnirdə 57 ölkədən 449 cüdoçu gücünü sınayır. Azərbaycan bu turnirdə 43 idmançı (28 oğlan, 15 qız) ilə təmsil olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə