PSJ mövsümün sonunda baş məşqçisini dəyişəcək

PSJ mövsümün sonunda baş məşqçisini dəyişəcək

PSJ mövsümün sonunda baş məşqçisini dəyişəcək. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Paris klubu hazırda "Yuventus"a başçılıq edən Massimiliano Allegri ilə danışıqlara başlamağa hazırlaşır.

Bildirilir ki, 51 yaşlı mütəxəssis mövsümün sonunda "Yuventus"u tərk edəcək. Tomas Tuçeldən narazı olan PSJ rəhbərliyi də bu şansdan istifadə edərək onunla anlaşmaq niyyətindədir. Allegrinin özünün də Paris klubunu çalışdırmağa razı olduğu bildirilir.

Qeyd edək ki, Allegri 2014-cü ildən "Yuventus"a başçılıq edir. Komanda onun rəhbərliyi altında ardıcıl 5 mövsüm İtaliya A Seriyasının qalibi olub. Turin klubu ilə 4 dəfə ölkə kubokunu, 2 dəfə Super Kuboku qazanan 51 yaşlı mütəxəssis 2 dəfə Çempionlar Liqasının finalına vəsiqə qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə